“KİV qanunu inkişafa doğru yönəlmir”
Media eksperti Xalid Ağaliyev sanksiya olaraq KİV-in istehsalına və yayımına xitam verilməsi qaydasının yenilik olmadığını bildirib. Ekspertin dediyinə görə, 2000-ci ilə qədər də Azərbaycanda belə bir qanunverici mexanizm olub. Ancaq Avropa Şurasına üzvlük zamanı qanunlar dəyişdirilib, Avropa ölçülərinə uyğunlaşdırılıb: “Bütün dünya Avropa ölçülərinə uyğunlaşmayıb. Bir çox ölkədə – Çində, İranda, bəzi Cənubi Amerika dövlətlərində, Mərkəzi Asiya ölkələrində, Türkiyədə, ifadə azadlığının acınacaqlı durumda olduğu başqa yerlərdə KİV-in fəaliyyətinə asanlıqla yasaq qoyulması mexanizmi hələ də var. Bu baxımdan bizim KİV qanununun dəyişdirilməsi qlobal baxışda yenilik deyil. Nəzərə çarpan odur ki, KİV qanunu inkişafa doğru deyil, köhnə, mürtəce məzmuna doğru yönəlir. Ancaq qabaqcıl dünyada bu sahədə əsas tendensiya qanunların daha da yaxşılaşdırılması, cəza mexanizmlərinin yüngülləşdirilməsidir.
Azərbaycanın da daxil olduğu Avropa Şurası məkanının KİV-in hüquqi düzənlənməsi ilə bağlı ölçüləri kifayət qədər aydındır, bu məkana daxil olan əksər ölkə həmin ölçülərə, standartlara sadiqdir. Bizim KİV qanununa edilən dəyişiklikdə olduğu kimi il ərzində məhkəmənin qərarı ilə iki dəfə məsuliyyətə cəlb edilən KİV-in istehsalına və yayımına xitam verilməsi məsələsi bu ölçülərə qətiyyən uyğun deyil. Bir media quruluşunun bir neçə dəfə hüquq pozuntusuna yol verməsi ən pis halda növbəti pozuntuda məsuliyyəti ağırlaşdıran hal kimi götürülə bilər”.
Xalid Ağaliyevin sözlərinə görə, Avropada KİV-in fəaliyyətinin düzənlənməsi ilə bağlı əsas söykənəcək yer Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığını nəzərdə tutan 10-cu maddəsidir: “Həmin maddəyə görə, ifadə azadlığı mütləq hüquq deyil, o, müəyyən məhdudiyyətlərə də məruz qala bilər. Konvensiyanın məzmununa və tətbiq olunma təcrübəsinə görə, hər hansı media qurumu yalnız o halda məhdudiyyətlərə məruz qala bilər ki, dövlətin təhlükəsizliyinə, ərazi bütövlüyünə, ictimai mənafeyə təhlükə yaratsın. İğtişaşların, cinayətkarlığın qarşısının alınması, sağlamlığın və mənəviyyatın, hüquq və azadlıqların qorunması, ədalət məhkəməsinin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədilə də mediaya məhdudiyyət qoyula bilər. Bu məhdudiyyətlər qanunda mütləq nəzərdə tutulmalı, qeyd etdiyimiz maraqların qorunmasına yönəlməli və ona ictimai zərurət olmalı, yəni sosial tələbatdan irəli gəlməlidir. Bu meyarlara cavab verməyən məhdudiyyət tədbirləri, o cümlədən medianın qapadılması, jurnalistlərin həbsi qeyri-hüquqidir, ifadə azadlığının pozulmasıdır. Avropa təcrübəsində ictimai əxlaqın qorunması məqsədilə müstəsna hallarda mediaya, ifadə azadlığına sərt məhdudiyyətlər qoyula, ola bilsin, qapama sanksiyası da tətbiq edilə bilər”(mediaforum).