Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

KİVDF cinayətlərinə susub, MEDİA-ya üsyan bayrağını açanlar… - Aqil Bəkir yazır

Medianin İnkişaf Agentliyinin (MEDİA) bir neçə gün əvvəl açıqladığı qəzetlərə və saytlara dəstək müsabiqəsinin nəticələri ətrafında qaldırılmış süni “tufan” təəssüf hissi yaratmaqla yanaşı, həm də bir sıra mühüm məqamlara nəzər salmaq zərurəti doğurur.

MEDİA-nın xətti ilə dövlətdən maddi dəstək alacaq saytların sayı 39-dur. Əslində, sözügedən müsabiqənin şərtləri açıqlandıqda tələb olunan kriteriyalara uyğun gələn saytların sayının bundan çox olacağı gözlənilmirdi.

Çünki ölkənin media cameəsi yetərincə dar çevrəyə sıxlaşıb və kimin kim, nəyin nə olduğunu hər kəs bilir. O baxımdan, müəyyən istisnalar olmaqla MEDİA-nın dövlət dəstəyinə cəlb etdiyi saytların açıqlanan siyahısı optimal sayıla bilər.

Lakin bu seçimə bağlı artıq 3-cü gündür, səngiməyən müzakirələrin müşahidəsi göstərir ki, proqramdan kənarda qalanlar MEDİA-ya qarşı açdıqları “cəbhə”ni qapatmaq niyyətindən çox uzaqdırlar. Onların yanaşmasında özünü qabarıq göstərən əsas cəhət budur ki, adlarının olmadığı siyahını birmənalı şəkildə “qanundankənar” elan edirlər. Bu qiymətləndirmə nə dərəcədə ədalətlidir?

Suala mümkün qədər obyektiv cavab vermək üçün 2 il əvvələ qədər ölkənin media siyasətinə və KİV-in maddi-texniki bazasının gücləndirilməsinə (Allah qoymasa) cavabdeh olan Əli Həsənov-Vüqar Səfərli dueti ilə qısa müddət əvvəl yaradılmış MEDİA-nın fəaliyyətini müqayisə etmək lazım gəlir.

Sözün düzü, belə bir müqayisənin aparılması da özlüyündə asan deyil. Hər halda, bütün qərarları, addımları mətbuatın boğulmasına, müstəqilliyinin qısıtlanmasına, jurnalistlərin tam nazərətdə saxlanmasına yönələn Həsənov-Səfərli dueti ilə MEDİA rəhbərliyinin davranışlarını eyni sıraya qoyub müqayisə etmək imkan xaricindədir.

Həsənovla Səfərli öz ətraflarında sadiq media orqanları və “jurnalist”lərdən ibarət bir çənbər yaradaraq, ölkə mətbuatını iri addımlarla məhvə sürükləyirdilərsə, MEDİA-nın rəhbərliyi görəvə başladığı ilk günlərdən tam fərqli siyasət yürütməyə başladı.

Agentlik rəhbərinin ölkənin tanınmış qələm sahibləri ilə keçirdiyi məsləhətləşmələr, təşkil etdiyi müxtəlif faydalı tədbirlər, ən əsası, medianın düşdüyü vəziyyətdən çıxarılması üçün zəruri addımların atılmasına hazır olması yuxarıda vurğulanan müqayisənin əhəmiyyətini tamamilə aradan qaldırır.

Eyni zamanda, MEDİA-nın dəstək proqramından yararlanmaq üçün qoyulan kriteriyalar ölkənin media quruluşlarının institutlaşması baxımından çox önəmlidir. Gəlin ədalətli olaq, narazıların neçə faizi o tələblərə cavab verirdi ki, indi “üsyan” bayrağı qaldırıb özlərindən başqa hər kəsi suçlayırlar?

Maraqlıdır, bu “ədalət mücahidləri” zamanında Əli Həsənov-Vüqar Səfərli tandeminin cinayətlərinə niyə səslərini çıxarmırdılar? Yeri gəlmişkən, əgər bu gün kimsə narazılığını açıq ifadə edirsə və MEDİA rəhbərliyi operativ toplanaraq yaranan suallara aydınlıq gətirirsə, bu da ortadakı fərqin ən bariz göstəricisidir.

İnanın, əsas olan media adına arzuedilməz gedişatın durdurulmasıdır ki, buna böyük mənada nail olunub. Şübhə yoxdur ki, prosesin davamında daha müsbət nəticələr əldə ediləcək. Ona görə də bir az səbirli olub inkarçılıq mövqeyindən çəkilməyə ehtiyac var.

Hər şey tədricən yerini alacaq!

www.yenicag.az

385
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100