!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Köhnə maşınları pulsuz “əridəcəklər”

!Reklam – Yazi

Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur. 

Xəbər verildiyi kimi, Nəqliyyat vasitələrinin utilizasiyası Fondu yaradılıb. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Azərbaycanın Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl avtomobillərin utilizasiyaya verilməsi proseduru müəyyənləşib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.

Utilizasiyaya verilmiş nəqliyyat vasitələri ilə bağlı utilizatorlar tərəfindən özündə güzəştin məbləğini və birdəfəlik ödənişin həcmini əks etdirən təsdiqedici sənəd verilir. Utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir. Yeni istehsal olunmuş yerli nəqliyyat vasitələri təsdiqedici sənəd təhvil verilməklə satın alındıqda nəqliyyat vasitələrinin satıcıları tərəfindən güzəşt tətbiq edilir. Güzəştin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir. Qanunun bu müddəaları isə 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Xaricdən avtomobil idxalı zamanı utilizasiya haqqının alınması ehtimalı isə idxal qiymətinin artımına səbəb olacaq.

Ekspertlərə görə, utilizasiya avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a  açıqlamasında bildirib ki, utilizasiya prosesi ilə bağlı qaydalara əsasən, vətəndaş köhnə avtomobilini utilizasiyaya verdikdə ona nağd pul və ya çek verilir: “Həmin çek əsasında yeni avtomobil almaq üçün bir dəfə müraciət edilə bilər. Utilizasiya ilə bağlı qərarın mahiyyəti həm də insanların köhnə avtomobillərə marağını azaltmaqdır. Azərbaycanda yol qəzalarının 70 faizinə köhnə avtomobillər səbəb olur. Utilizasiya proqramı çərçivəsində verilən qərar ölkədə avtomobil parkının yenilənməsinə, ekoloji mühitin qorunmasına və baş verən qəzalarda ölüm sayının azaldılmasına təsir edəcək. Bu yanaşma dünyanın bütün ölkələrində tətbiq olunur. Xaricdə eyni model avtomobilin yeni versiyası ilə qəza baş verən zaman xəsarət alan olmur. Azərbaycanda isə 20 il istismar olunan köhnə versiya model avtomobilin sürücüsü kiçik bir qəza törətdikdə ölüm halı baş verir. Bu müqayisədən utilizasiya prosesinin əhəmiyyətini anlamaq olur”. Utilizasiya qiymətlərinə gəlincə, ekspert deyib ki,  istismar müddəti 1-10 il olan avtomobillər üçün 10 manat, 11-21 il olanlar üçün 20 manat, 31 ilədək istimar olunanlar üçün 30 manat, 31 ildən yuxarı olan avtomobillər üçün 40 manat rüsum ödənilməlidir: “Utilizasiya haqları Utilizasiya Fondunda toplanacaq. Vətəndaş köhnə avtomobilini təhvil verdikdə ona ödəniləcək pul da fonddan təmin ediləcək. Yəni vətəndaşın ödədiyi rüsum əslində onun özünə qayıda bilər. Düşünürəm ki, istehsal ili 10 ilədək olan avtomobillərə görə rüsum haqqı ləğv edilməlidir, çünki bunlar yeni avtomobil sayılır. Bu gün bütün dünyada hibrid və elektromobillərə keçid dövrü yaşanır. Yararsız və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa edə bilər”.

Elməddin Muradlı deyib ki, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan olması vacib şərtdir: “Son illərdə bu istiqamətdə atılan addımlar, xüsusən avtobusların hərəkəti üçün ayrılmış xüsusi zolaq bu keçidin sürətlənməsinə səbəb olub. İstismara yararsız avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar nəzərdə tutulur. 2022-ci ilin sonunda yol xəritəsi hazırlanıb. Ölkəyə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri gömrük və digər rüsumlardan azad edilib. Görünür, növbəti mərhələdə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq üçün yeni qərarlar veriləcək. Bu gün Azərbaycana idxal olunan avtomobillərin ekoloji standartı Avro-4-dür. Növbəti illərdə ölkəmizdə artıq Avro-5 standartına keçid olacaq”.

Qeyd edək ki, Azərbaycanda 2 milyona yaxın nəqliyyat vasitəsi var. Minik avtomobillərinin sayı 1 milyon 500 mini aşır. Ölkədəki avtomobil parkının 80 faizinin yaşı 10 ildən artıqdır.

COP29

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv