Sevgidən yarımayan, haqqı yeyilən və UNUDULAN MƏŞHUR
Böyük aktyor, böyük sənətkar olmaq azmış, görünür, bəxt də insan həyatında böyük rol oynayır. Elə aktyorlar var ki, sənəti böyük olsa da, həyatda bəxti o qədər də gətirməyib – istər sənət aləmində, istərsə də şəxsi həyatında. O da belələrindən idi.
Qısa ömür yaşayan, lakin Azərbaycan kino və teatr tarixində misilsiz xidmətləri ilə yaddaşlara həkk olunan sevilən aktyor Hamlet Qurbanov…
Yenicag.az xatırladır ki, bu gün onun – “Babamızın babasının babası”, “Bağ mövsümü”, “Cin mikrorayonda”, “Dədə Qorqud” və digər filmləri, vaxtilə sevə-sevə izlədiyimiz “Atayevlər ailəsi”, “Yollar görüşəndə”, “Mehmanxana sahibəsi”, “Ötən ilin son gecəsi”, “Sevil”, “Unuda bilmirəm”, “Dəli yığıncağı”, “Şohrət və ya unudulan adam” kimi saysız-hesabsız televiziya və teatr tamaşaları ilə sonsuz tamaşaçı sevgisi qazanan məşhur aktyor Hamlet Qurbanovun doğum günüdür.
Həmişə məni bu sual düşündürüb: Niyə bu qədər məşhur film, teatr və televiziya tamaşalarında yaddaqalan obrazların mahir oyunçusu az-az xatırlanıb. Hələ bir dəfə görmədim ki, aktyorun doğum və anım günlərində hansısa bir televiziya onun barəsində veriliş təqdim etsin, çəkildiyi filmi, ya televiziya tamaşasını nümayiş etdirsin. Eləcə də əlaqədar mədəniyyət qurumları.
Hələ eşitmədim ki, onunla bağlı hansısa bir tədbir təşkil etsinlər, ya bir xatirə günü keçirsinlər, kino adamları yığışıb onunla bağlı xatirələrini dilə gətirsinlər, oynadığı obrazlardan danışsınlar. Bir sözlə sənətkarı yad etsinlər. Sanki bu adda aktyor heç yox imiş.
Kinodan az-çox anlayanlar yaxşı bilir ki, onun kimi aktyor sənət dünyasına bir hədiyyə olaraq Allahdan lütf kimi göndərilir. Hamlet Qurbanov istər faktura, istər təbii oyun tərzi ilə dünya kino ulduzlarını kölgədə qoya biləcək bir sənət gücünə malik aktyor olub.
Hamlet Qurbanov şəxsi həyatında da xoşbəxt ola bilmədi. Sevdiyi qızdan ayrı düşsə də illərlə onun sevgisi ilə təsəlli tapdı. Sonradan evləndi, amma yenə bəxti üzünə gülmədi. Elə sənət aləmində də haqqı yeyilənlərdən oldu. Potensialından yetərincə istifadə olunmadı. Zəhmətinin də bəhrəsini görə bilmədi. Ondan istedadca qat-qat aşağı olan kimlərsə fəxri adlara layiq görüldü, evlə təmin olundu. Amma Hamlet Qurbanov abrına-həyasına qısılıb heç kimə ağız açmadı, heç kimin qabağında əyilmədi. Bu dünyadan əməkdar artist kimi köçdü.
Amma onun yaratdığı obrazlar bu gün də diridir, yaşayır. Diri demişkən, Allah dirilərə də insaf versin ki, o filmləri tez-tez efirlərdə nümayiş etdirsinlər. Gənc nəsil görsün ki, kino və teatr tarixində necə istedadlı aktyorlarımız olub.
Cəvahir