Kolumbiya ABŞ-dəki səfirini geri çağırır
Kolumbiya Prezidenti Qustavo Petro ölkənin ABŞ-dəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə Yenicag.az “Reuters” agentliyinə istinadən bildirib.
Ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, qərar ABŞ Prezidenti Donald Trampın Kolumbiya üçün rüsumların artırılması və narkotik daşıdığı ehtimal edilən gəmilərə ABŞ hərbçilərinin zərbə endirməsi ilə əlaqədar yaranan münaqişə səbəbindən bütün ödənişlərin dayandırılması ilə bağlı bəyanatlarından sonra qəbul edilib.
“Kolumbiyanın Birləşmiş Ştatlardakı səfiri Daniel Qarsiya-Penya Prezident Qustavo Petro tərəfindən məsləhətləşmələr üçün geri çağırılıb və hazırda Boqotadadır”, – XİN-in məlumatında deyilir.
Qurum əlavə edib ki, yaxın saatlarda ölkə hökuməti növbəti qərarlar barədə məlumat verəcək.
Bazar günü Tramp Kolumbiya Prezidenti Qustavo Petronu “qanunsuz narkotik ticarətinin lideri” adlandırıb./report