"Könlümüzdəki hədəf Azad Ticarət Sazişidir" – Nazirdən dünyaya strateji iqtisadi MESAJ

media-hightechnic-468x90

“Könlümüz Türkiyə–Azərbaycan Azad Ticarət Sazişinin imzalanmasını arzulayır. Bu istiqamətdə hər iki hökumətin texniki qrupları danışıqlar aparır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyənin ticarət naziri Ömər Bolat deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan artıq siyasi, sosial və diplomatik baxımdan vahid bir orqanizm kimi birgə hərəkət edir:

“Aramızda müttəfiqlik və qardaşlıq münasibətləri mövcuddur. İqtisadi əlaqələr sahəsində də hər iki dəyərli Prezidentin qarşıya qoyduğu 15 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün həm Türkiyə tərəfi olaraq biz, həm də Azərbaycandakı hörmətli həmkarlarımız böyük əzmlə çalışırıq. Lakin ticarəti birbaşa həyata keçirənlər sənayeçilər, idxalçılar və ixracatçılardır. Biz də onlara yol göstərən, istiqamət verən mexanizmlər üzərində işləyirik.

Dünən Qarışıq İqtisadi Komissiyanın 12-ci dövr iclası çərçivəsində müvafiq saziş imzalandı. Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmaz və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun iştirakı ilə bütün nazirlər tədbirdə yer aldıq. Üzərimizə düşən tapşırıqları aldıq. Bundan sonra da böyük səylə çalışacağıq. Həqiqətən də bütün sahələrdə münasibətlərimiz mükəmməldir və qarşılıqlı investisiyaların daha da artırılmasını hədəfləyirik.

Hazırda Azərbaycanda 7 minə yaxın türk şirkəti fəaliyyət göstərir və onların investisiya həcmi 18 milyard dollar təşkil edir. Eyni zamanda, Türkiyədə 3 minə yaxın Azərbaycan şirkəti mövcuddur və onların ümumi investisiyası 21 milyard dollar səviyyəsindədir. Hər iki ölkədə fəaliyyət göstərən bu şirkətlər ümumilikdə məmnundurlar. Hər hansı çətinlik yarandıqda isə dərhal həll edilməsi üçün addımlar atılır. Bu prosesdə nazirlər, cənab prezidentlər və özəl sektor qurumları sıx əməkdaşlıq edir.

Bu gün Bakıda Türkiyə–Azərbaycan İkinci İnvestisiya Forumu 3 minə yaxın qonağın iştirakı ilə keçirilir. Xatırlayıram ki, iki il əvvəl, məhz bu günlərdə birinci foruma qatılmışdım. O zaman Bakıya ilk səfərim idi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Bu gün də forum çox geniş iştirakla keçirilir. Panellərdə özəl sektor nümayəndələri, investisiya agentlikləri və nazir müavinləri çıxış edir, dəvətlər irəli sürür, sualları cavablandırırlar. Biz də Türkiyə–Azərbaycan arasında iqtisadi və ticarət sahəsində daha yüksək hədəflərə çatmaq üçün bütün gücümüzlə çalışırıq.

2021-ci ildə qüvvəyə minmiş Preferensial Ticarət Sazişimiz mövcuddur. Bundan əlavə, tərəflər arasında imzalanmış əlavə protokol 2024-cü ildə qüvvəyə minib. Bu sənədlərin müsbət təsirlərini artıq ticarət dövriyyəmizdə və iqtisadi əlaqələrimizdə açıq şəkildə görürük. Könlümüz Türkiyə–Azərbaycan Azad Ticarət Sazişinin imzalanmasını arzulayır. Bu istiqamətdə hər iki hökumətin texniki qrupları danışıqlar aparır, təsir analizləri və qiymətləndirmələr həyata keçirilir. İnşallah, zamanla bunu da reallaşdıracağıq”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa