Konqreslə Tramp arasında "Qrenlandiya savaşı": İmpiçment təhdidi nə qədər realdır?
“Nə qədər etirazlar səslənsə də, ABŞ-nin orada real maraqları mövcuddur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

O, ABŞ Konqresinin Ağ Evin Qrenlandiyanı ilhaq etmək üçün hərbi əməliyyata başlamaq qərarına gələcəyi təqdirdə, Prezident Donald Trampın administrasiyasını impiçment proseduru riski ilə bağlı xəbərdar etməsi barədə fikirlərini səsləndirib.
Politoloq bildirib ki, ABŞ-də bu gün hakimiyyətdə olan Donald Trampın partiyası, yəni Respublikaçılar faktiki olaraq hakim mövqedədirlər.
“Konqresdə bu mövzuda müxtəlif fikirlər səsləndirilsə də, Trampın əsaslandırması fərqlidir. O bildirib ki, atılan addım, yəni Qrenlandiyanın ilhaqı ABŞ-nin milli maraqlarına uyğun şəkildə həyata keçiriləcək. Onun fikrincə, Qrenlandiya ABŞ-nin maraqlarını təmin edən strateji nöqtəyə, strateji əraziyə çevriləcək. Bu baxımdan, nə qədər etirazlar səslənsə də, ABŞ-nin orada real maraqları mövcuddur.
İmpiçment prosesinə gəldikdə isə, bunun üçün bir neçə mərhələ keçilməlidir. Əvvəlcə məsələ Konqresdə qaldırılır, müzakirə olunur, daha sonra Nümayəndələr Palatasında baxılır, ardınca Senata çıxarılır və s.
Tramp bu addımı “ABŞ-nin milli maraqları naminə atıram” deyə əsaslandırdığı halda, Konqresin ona qarşı ciddi təsir imkanlarının olacağını düşünmürəm. Əlavə olaraq mümkündür ki, Tramp Qrenlandiyanı tam şəkildə ilhaq etməsin, lakin onu 50 və ya 99 illiyinə icarəyə götürsün. Bu ehtimal da istisna deyil.
Belə olduğu təqdirdə artıq ilhaq hesab olunmayacaq. Sadəcə olaraq həmin ərazinin müəyyən müddətə icarəyə verilməsi kimi qiymətləndiriləcək. Bu isə avtomatik olaraq tərəflər arasında ciddi narazılıq və ya kəskin qarşıdurma yaradacaq bir məsələ olmayacaq”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












