Koreya yarımadasında "müharibə" rüzgarı: "Regionun geosiyasi balansı təhlükədədir"
“Bu eskalasiya sadəcə iki dövlət arasında münaqişə deyil, həm də regionun geosiyasi balansına təsir edən təhlükəli bir prosesdir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, Şimali Koreya ilə Cənubi Koreya arasında pilotsuz təyyarə insidentinin yeni gərginlik dalğasının başlanğıcı kimi görünməsindən danışıb.
Politoloq bildirib ki, Pxenyanın hava məkanının pozulduğunu iddia etməsi və Seulun bunu rədd etməsi, tərəflər arasında etimadsızlığı daha da dərinləşdirir.
“Bu cür hadisələr lokal insidentlərin böyüyərək hərbi qarşıdurmaya çevrilməsi riskini artırır. Şimali Koreya daxili auditoriyaya “suverenliyin müdafiəsi” mesajı verir, Cənubi Koreya isə beynəlxalq müttəfiqləri ilə birlikdə eskalasiyadan yayınmağa çalışır.
ABŞ və Çin arasında geosiyasi rəqabət fonunda Koreya yarımadasında gərginliyin artması böyük güclərin mövqelərini sərtləşdirə bilər. Qısa müddətdə sərhəd insidentlərinin çoxalması, orta müddətdə militarizasiya, uzun müddətdə isə sülh prosesinin tamamilə dayanması ehtimalı mövcuddur.
Bu eskalasiya sadəcə iki dövlət arasında münaqişə deyil, həm də regionun geosiyasi balansına təsir edən təhlükəli bir prosesdir”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












