Koronavirus kabusu və cəmiyyətin həmrəyliyi: Pandemiyaya necə qalib gəlməli?

Ümumdünya Səhiyyyə Təşkilatı (ÜST) planetin kabusuna çevrilən, sosial, iqtisadi və siyasi həyatı az qala sıradan çıxarmış koronavirusla əlaqədar pandemiya elan edib.

Dünya dövlətləri pandemiyanın yayılması qorxusunun təsiri altında bir-biriləri ilə münasibətləri dondurur, nəqliyyat və ticarət əlaqələrini kəsir, lənət virusundan qorunmaq üçün bütün mümkün yollara əl atırlar.

Çində vüsət alan koronavirus artıq Avropaya ayaq açıb və “köhnə dünya”da bu virusa yoluxanların sayı on minlərlə ölçülür, ölənlərin sayı isə günbəgün artır. Avropa İttifaqının əsas tərəfdaşı olan ABŞ da belə bir vəziyyətdə öz müttəfiqləri ilə demək olar, bütün əlaqələri məhdudlaşdırıb.

Koronavirusun tüğyan etdiyi İtaliya və İspaniyada fövqəladə vəziyyət elan olunub, Almaniya durmadan həyəcan təbili çalır, digər dövlətlərdə narahatlıq sürətlə artır. Yer kürəsinin ən firavan və sabit bölgəsi sayılan Avropa böyük və səbəbi məlum təşviş içindədir.

Sərhəd tanımayan koronavirus dünya gündəmini alt-üst edərək, siyasi-iqtisadi xarakterli informasiyaları dövriyyədən sıxışdırıb, bütün ölkələrdə ictimai-siyasi, əyləncəli-idman tədbirləri ləğv edilib. İlk dəfə belə bir vəziyyətlə üzləşən dünya turizmi böhran bataqlığında batmaqdadır. Aviaşirkətlər, turizm kompaniyaları və otel şəbəkələrinin son həftələrdə üzləşdikləri maddi zərər inanılmaz həddə çatıb. Belə bir şəraitdə tələbatın artdığı texniki spirtin, qoruyucu maskaların və başqa tibbi vasitələrin qiymətini 10-20 dəfə artıran əczaçılıq şirkətləri əhalinin cibini acgözlüklə “sümürməkdədir”.

Koronavirus qorxusu insanları elə psixoloji vəziyyətə salıb ki, onlar ekspertlərin tövsiyələrini bir kənaraq qoyaraq, əsassız məlumatlara daha çox inanmaqla, içlərindəki qorxunun daha da artmasına səbəb olurlar. Dünyanın əksər ölkələrində təşviş artmaqdadır.

Dünyanın bir parçası olan Azərbaycanda vəziyyət necədir?

Koronavirusun Çində, daha sonra isə İranda təhlkəli miqyas almasında sonra vəziyyəti qiymətləndirən Azərbaycan hökuməti Operativ Qərargah yaratdı və bu qurumun əməkdaşları ölkənin sərhəd giriş-çıxış məntəqələrində, nəqliyyat qovşaqlarında, hava limanlarında, zəruri obyektlərdə müntəzəmm monitorinqlər həyata keçirməyə başladılar.

Ölkənin sərhəd ərazilərində yaradılan və ən müasir tibbi avadanlıqlarla təchiz edilən səhra laboratoriyaları Azərbaycan ərazisinə daxil olan insanların tam tam şəkildə müayinə olunmalarına, potensial virus daşıyıcılarının aşkar edilməsinə tam imkan verir. Müayinə nəticəsində virus simptomlarının müəyyən edildiyi şəxslər xüsusi nəzarətə götürülür və xüsusi hazırlanmış profialktika məkanlarına yerləşdirilirlər. Karantin müddəti başa çatdıqdan sonra isə onları evlərinə buraxırlar.

Rəsmi məlumata əsasən, Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 19 fakt aşkarlanıb. Həmin şəxslərdən 6-sı tam sağalıb. Qeyd olunmalıdır ki, koronavirusa yoluxmuş şəxslərin demək oalr, yarısı İran vətəndaşlarıdır. Qalanları isə virusa İtaliya, İran və başqa ölkələrdə yoluxublar.

Koronavirus əleyhinə tədbirlərin müsbət nəticələri

Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində koronavirus ölkədə hələ ki pandemiya səviyyəsində deyil. Müvafiq dövlət qurumlarının media ilə əlaqəli fəaliyyəti nəticəsində cəmiyyətdə təşvişin yaranmasına imkan verilməyib. Ölkə ictimaiyyəti mediada aparılan maarifçilik sayəsində koronavirusun xüsusiyyətləri və ondan qorunmaq yolları barəsində ətraflı məlumatlandırılır. Azərbaycanda aparılan koronavirus əleyhinə tədbirləri digər ölkələrdə həyata keçirilən analoji fəaliyyətlə müqayisə etdikdə, ölkəmizdə vəziyyətin tamamilə nəzarət altında olduğunu əminliklə söyləyə bilərik.

Unutmaq lazım deyil ki, koronavirusla mübarizə həm də ölkənin milli təhlükəsizlik məsələsidir. O baxımdan, ölkənin hüquq-mühafizə və xüsusi xidmət orqanları bu çərçivədə xüsusi həssaslıq və fəallıq nümayiş etdirirlər.

Ümid edirik ki, Azərbaycan vətəndaşları koronavirus əleyhinə mübarizə dalğasında bu gündən qüvvəyə minən xüsusi rejimin tələblərini dəqiqliklə yerinə yetirəcək, onlar üçün təhlükə yaradan halların baş verməməsinə çalışacaqlar. Çox təqdirolunası haldır ki, dünyanın əksər ölkələrinin əhalisindən fərqli olaraq, Azərbaycan vətəndaşları təşvişə qapılaraq, supermarketlərə “basqın etmirlər”. Onsuz da hər kəs dükan-bazarda və supermarketlərdə bolluq olduğunu, istənilən məhsulun tələb olunan qədər satışa çıxarıldığını görür.

Koronavirusa necə qalib gəlməli?

Mütəxəssislər koronavirusla bağlı yaranan təşvişi virusun özündən daha təhlükəli hesab edirlər. Çinin təcrübəsi də göstərdi ki, koronavirusu, yaxud da başqa təhlükəli xəstəliyi yalnız cəmiyyətin yüksək həmrəyliyi sayəsində yenmək mümkündür. Azərbaycanda da koronavirus təhlükəsinin tam aradan qalxması üçün xüsusi rejimin tələblərinə əməl etmək, bir-birinə dəstək olmaq lazımdır.

“Yeni Çağ” Analitik Qrupu

COP29