Dünya gündəminin əsas xəbərinə çevrilən Koronovirus xəstəliyi sosial media və KİV vasitəsilə kütləvi ajiotaja səbəb olmaqdadır. Virusun yayıldığı gündən bu yana 93 min nəfər bu xəstəliyə yoluxub, onlardan 50 min 690 nəfəri, başqa sözlə 54,7 faizi artıq sağalıb. Bu günə qədər 3 mindən bir qədər çox insan ölüb. Bu da 3,4 faiz ölüm deməkdir, yəni qripdən orta ölüm faizi.
Koronovirusun son 20 ildə qeydə alınan digər kütləvi xəstəliklərdən daha sürətli yayılması və ölüm halları isə dünyada insan sayının artması, böyük şəhərlərdə yaşayan insan sayı ilə əlaqədardır. Məsələn, virusun ilk çıxıb və sürətlə yayıldığı Vuhan və ətraf şəhərlərdə 40 milyona yaxın insan yaşayır. Hazırda sosial şəbəkə və internet sayəsində xəbərlərin sürətlə yayılması, paralel olaraq kütləvi ajiotaj və panika yaradan şayiələrin də sürətlə yayılmasına və effektiv təsir qoymasına səbəb olur. Məsələnin daha bir tərəfi isə koronovirusun hətta adi qripdən az ölümə səbəb olmasıdır. Məsələn, Amerika Xəstəliklərin Önlənməsi və Nəzarət Departamentinin rəqəmlərinə görə, qrip xəstəliyi səbəbi ilə 2019-cu il oktyabrın 1-dən 2020-ci il yanvarın 25-dək ABŞ-da 10-25 min nəfər arası insan ölüb. 180-310 min insan xəstəxanada müalicə alıb, ümumi yoluxma sayı isə 19-26 milyon arasında dəyişir. Bu və oxşar faktlar göstərir ki, koronavirus ajiotajı sünidir.
Azərbaycanda koronavirusun yayılmasına qarşı ciddi profilaktik işlər aparılır. Görülən profilaktik ehtiyat tədbirləri kimi məktəblərdə, avtobuslarda və insanların kütləvi toplaşdığı istənilən digər yerlərdə aparılan dezinfeksiya işləri davam edir.
Azərbaycanda Beynəlxalq standartlara cavab verən biotəhlükəsizlik laboratoriyaları tam gücü ilə paytaxtda, eləcə də regionlarda fəaliyyət göstərir. Bu laboratoriyalar bir sıra xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşıb. Eyni zamanda Koronovirus(COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyini qısa zaman ərzində həyata keçirilir. Dövlətin qurduğu bu laboratoriyalar stasionar, səyyar və mobil tiplidir. Bu laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, həmçinin koronavirusun təyini ÜST tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirir, xüsusi avadanlıqlardan istifadə olunmaqla ölkəyə daxil olanlara nəzarət aparılır. Ölkədə xəstəxanalarda infeksion palatalar ayrılıb, karantin zonaları yaradılıb, İranla sərhəd boyunca isə xüsusi səyyar laboratoriyalar quraşdırılıb. Profilaktika tədbirləri çərçivəsində sanasiya tədbirləri görülən bütün təhsil müəssisələrində, uşaq bağçalarında dərslər dayandırılıb. Dezinfeksiya həmçinin avtobus, metro stansiyaları, vağzal və dəmiryolunda da aparılır. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlərə kəskin diqqət çəkərək material hazırlamaq tövsiyə edilir. Qeyd etmək lazımdır ki, ÜST məlumatlarına əsasən dezinfeksiya tədbirləri etibarlı nəticə verir, sərhəddə karantin nəzarəti isə koronavirusun yayılmasını minimuma endirməyə imkan verir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, koronavirusa yoluxma zamanı ölüm halları demək olar ki, adi qriplə eynidir – 2-3 faiz. Koronavirusa yoluxma zamanı ölüm halları isə qripə yoluxma zamanı olandan artıq deyil. İnsanların bu çox da təhlükəli olmayan xəstəliyi yüngül keçirmək üçün sadəcə sağlamlıqlarını gücləndirməlidir.
Dünyaca məşhur, nüfuzlu alimlərsə deyirlər ki, koronavirus ətrafında söz-söhbət və təhlükələrin çoxluğu, həqiqətə söykənən, əsaslı dəlillərin isə çox az olması acı gerçəklikdir.
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, FTX-nin məlumatına əsasən koronavirusla bağlı informasiya “tullantıları” çaxnaşma yaratmaq üçün ölkə xaricində hazırlanır. Putin qeyd edib ki, əslində koronavirus mövzusu informasiya müharibəsi aparmaq, sarı mətbuat tərəfindən “klikbeyt” etmək, həmçinin maliyyə bazarları ilə manipulyasiya üçün ideal vasitədir. Ona görə də bu günlərdə informasiyanı başqaları ilə bölüşməzdən əvvəl onu təkrar-təkrar yoxlamağa tənbəllik etməmək xüsusən vacibdir.
Onu da xatırladaq ki, dünyada mütəmadi olaraq “təşviş dalğaları” dövr edir. Jurnalistlərə zaman-zaman mətbuatda müzakirə edilmiş çoxsaylı “dünyanın sonu” və “ölümcül epidemiyalar” haqqında dərc olunmuş hay-küylü məqalələri seçib-toplayıb, onlar haqqında və doğurduqları əsassız ajiotajın miqyası süni şəkildə artırılır.
Koronavirus təhlükəsinə müxtəlif ölkələrin ictimaiyyətinin kəskin reaksiyaları onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusunda çoxsaylı film və kitablarla işlənib və insanlar bu cür “dəhşətlərə” həvəslə inanırlar. Hökumətlər isə öz cəmiyyətinin təzyiqi altındadır və hazırkı vəziyyətdə – hətta bundan qaçmaq mümkün olan hallarda belə qəti məhdudlaşdırıcı tədbirlərə getməyə məcburdur.
Xəstəliyin geniş yayıldığı ölkələrlə (Çin, İran və İtaliya) sərhədlərdə, eləcədə keçid məntəqələrində ciddi rejimin tətbiq olunduğunu ölkələrə daxil olan və çıxan şəxslər müxtəlif cihazlar vasitəsilə yoxlanılır.
Bu cür yoxlamalar nəticəsində həmin ölkələrdən gələn şəxslər ölkəyə buraxılmır və nəzarətdə saxlanılır.
Koronavirus yeni deyil. Koronavirus 2003-cü ildə SARS (Şiddətli Kəskin Respirator Sindromu) , 2012-ci ildə isə MERS (Yaxın Şərq tənəffüs sindromu) şəklində özünü biruzə vermişdi. Koronavirus təhlükəli xəstəlik sayılır, ancaq ən təhlükəli deyil.
Hər koronavirus xəstəsi dünyasını dəyişmir. Bunun faiz göstəricisi zənn edildiyi qədər yüksək deyil. Normal qrip xəstəliyindən ölən insanlar koronavirusdan ölənlərdən 60 dəfə çoxdur. Koronavirusa yoluxanlar əsasən xroniki xəstəliyi səbəbindən immuniteti zəif olanlar və yaşlılardır. Həmin insanlar virusdan qorunmaq üçün daha diqqətli olmalı, immun sistemini gücləndirməlidirlər.
Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə xəstəlik əlamətləri (öskürək, asqırma, burun axması, yüksək hərarət) olan insanlardan azı 1 metr aralı dayanmağı vacib hesab edirdi. Ancaq hazırda bu məsafə xəstəliyin geniş yayılması səbəbindən 2 metrə yüksəlib. Milli.az bildirib ki, gigiyena qaydalarına mütləq şəkildə əməl olunmalıdır.
Lazımi tədbirlər görülsə, koronavirusdan qorunmaq mümkündür. Xəstəliyin başlıca yoluxma yolu öskürək və asqırma yolu ilə yayılan tüpürcəklərdir. Bu səbəbdən insanlarla yaxın təmasdan çəkinin. Xəstə insanlarla qucaqlaşmaq, öpüşmək yolverilməzdir. Çünki virus yaxınlıqdakı insanın ağız, burun və göz qişasına keçə bilər.
Əllərin təmiz saxlanılması vacib detallardandır. Əlləri yumaq, spirt və digər dezinfeksiyaedici vasitələrlə təmizlənməlidir. Öskürüb asqırarkən ağzınızı və burnunuzu quru salfetlə tutun. Daha sonra isə həmin salfeti qapalı zibil qabına atın və əllərinizi yuyun.
Soyuqdəymə, qızdırma və öskürmə kimi simptomlar olan insanlarla təmasda olmayın. Bu simptomlardan hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin.
Maskalar və xüsusi geyimlər adətən xəstəliyin geniş yayıldığı ərazilər üçün tətbiq olunur. Gündəlik həyatda isə bunlara ehtiyac yoxdur. Kütləvi yerlərdə maskalardan istifadə edə bilərsiniz.
Əl gigiyenası koronavirusdan qorunmaq üçün önəmlidir, ancaq bu, kifayət deyil. Digər qorunma vasitələrinə də diqqət etmək lazımdır.
Maskalar adətən birdəfəlik istifadə üçün nəzərdə tutulub. 2 dəfə istifadə olunmamalıdır.
Uzun müddət yolda qalmış quru məhsullarda koronavirusun daşınması mümkün deyil. Virus insandan insana keçir.
Koronavirusun yarasadan keçdiyi iddia edilsə də, ev heyvanlarının yoluxması faktı qeydə alınmayıb.
Hər hansı qidanın insanı koronavirusdan qoruması mümkün deyil. İnsanlar hər hansı bir qidaya meyl etmək əvəzinə, immun sistemini gücləndirən məhsullara üstünlük versələr, yaxşı olar.
Koronavirusa qalib gəlmək olar, bu xəstəlik müalicəsi mümkünsüz və sağalmaz deyil.
Virusla bağlı şayiələrin və xofun virusun özündən təhlükəli olduğunu da unutmayın.
www.yenicag.az