Tibdə yeni dönəm: Gen terapiyası ilə ilk dəfə bir körpə sağaldıldı
ABŞ-də aparılan araşdırma nəticəsində genetik xəstəlik diaqnozu qoyulan bir körpə gen terapiyası ilə müalicə olunaraq sağaldılıb. Bu, tibbdə yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Yenicag.az xəbər verir ki, bu barədə məqalə “New England” tibb jurnalında yayımlanıb.
Məlumata görə, CPS1 çatışmazlığı (orqanizmdə zərərli ammonyakın bədəndən atılmasını təmin edən karbamoil fosfat sintetaz 1 adlı fermentin doğuşdan çatışmaması ilə yaranan nadir genetik xəstəlik) olan körpə üzərində aparılan gen terapiyasında CRISPR texnologiyasından istifadə edilib.
Filadelfiya Uşaq Xəstəxanası və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən həyata keçirilən müalicə nəticəsində KC Muldoon adlı körpədə vəziyyətin yaxşılaşdığı qeyd olunub. Uşağa fevral, mart və aprel aylarında gen terapiyası tətbiq edilib.
Alimlər müalicənin ilkin mərhələdə müsbət nəticə verdiyini bildirirlər. Bununla belə, körpənin inkişafı uzun müddət müşahidə altında saxlanacaq. Tədqiqatçılar bu uğurun genetik xəstəliklərin gələcək müalicəsində geniş imkanlar yaradacağını vurğulayırlar.