!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirus və kütləvi psixoz: Şüurları epidemiyadan necə qorumalı?

!Reklam – Yazi

Dünya mediasında, o cümlədən sosial şəbəkələrdə mütəmadi olaraq “təşviş dalğaları” dövr edir. Zaman-zaman mətbuatda “qiyamət günü”, “dünyanın sonu” və “insanlığı məhv edəcək epidemiyalar” və s. haqqında coxlu sayda “şok materiallar” dərc olunur, paylaşılır. Məsələnin kökünə nəzər salındıqda isə bunların sensasiya naminə, müxtəlif qüvvələr və ya qruplar tərəfindən məlum və naməlum səbəblərdən yayıldığı aydın olur.

Bunlardan biri 2020-ci ilin əvvəlindən Çində aşkarlanmış və cəmi bir neçə ay içərisində demək olar ki, bütün dünyaya yayılan koronavirusdur.

Müxtəlif ölkələrin ictimaiyyətinin koronavirus təhlükəsinə kəskin reaksiyaları onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusunda çoxsaylı film və kitablarların total nəzarətinə düşüb, insanlar bu cür “dəhşətlərə” həvəslə inanırlar. Bütün dünyada hökumətlər isə öz cəmiyyətlərinin təzyiqi altındadır və hazırkı vəziyyətdə – hətta bundan qaçmaq mümkün olan hallarda belə qəti məhdudlaşdırıcı tədbirlərə getməyə məcburdurlar.

Bu epidemiyanın, əslində bildiyimiz qripin bir az daha təhlükəlisi olan koronavirus ətrafında KİV-lərdə yaranmış ajiotaj nəticədə bir çox ölkələrin səhiyyə sistemini də iflic vəziyyətinə saldı. Azca qızdırması və yüngül qripi olan hər kəs koronavirus olduğunu şüuraltına yerləşdirərək qorxu və təşviş içərisində kütləvi olaraq klinikalara axın etməyə başladılar. İstənilən ölkədə eyni vaxtda demək olar ki, bütün əhali yaşadığı ərazidəki xəstəxanaya müraciət edərsə, buradakı bütün şəfa ocaqlarında onlara tez və operativ şəkildə xidmət göstərmək münkün deyil. Belə təsəvvür edin ki, böyük və zəngin bir bankın bütün yatırımçıları eyni vaxtda oradakı vəsaitlərini çəkmək qərarına gəlirlər. Bu, həmin bankın iflası deməkdir. Hazırda koronavirus panikasına görə demək olar ki, bütün dünyanın səhiyyə sistemi kilidlənmiş, iflic olmuş vəziyyətdədir. Nəzərə alınsa ki, burada işləyən personal robotlardan deyil, insanlardan ibarətdir və onlar bu xəstəliyə yoluxmaqdan özlərini də qorumağa çalışır, onda vəziyyəti təsəvvür etmək o qədər də çətin deyil.

Bu səbəbdən də cəmiyyət arasında yaranmış təşvişi artırmamaq, vətəndaşların narahatlığını qismən də olsa aradan qaldırmaq üçün media maarifləndirici materiallar dərc etməli, proqramlar hazırlamalı, savadlı infeksionist həkimlərin iştirakı ilə bu məsələni müzakirə etməli, koronavirusdan necə qorunmanın yollarını vətəndaşlara başa salmalıdır. Əslində hər yerdə gigiyenik qaydalara riayət olunması, düzgün qidalanma və mütəmadi olaraq tibbi müayinədən keçmə insanı bildiyimiz xəstəliklərin ən azı 90%-dən qoruyur. İnsanlara öz sağlamlıqlarını necə qorumağın yollarını və bunun vacibliyini aşılamaq KİV-lərin ən ümdə vəzifəsi olmalıdır.
Özünə reytinq qazanmaq istəyən media orqanları yaranmış qorxudan istifadə edərək, əhali arasında təşvişi artırmaqla, belə həssas zamanda ancaq və ancaq ölkədə sabitliyin pozulmasına, xaosun, anarxiyanın yaranmasına qulluq edirlər.
Hazırkı məqamda maksimum dərəcədə koronavirus ətrafında yaradılmış süni ajiotajı azaltmaq, maska, spirt və digər tibbi vasitələrin ikinci planda olduğunu əhaliyə başa salmaq lazımdır. Axı nazik materialdan hazırlanmış tibbi maska və ya adi spirt bu xəstəliyin qarşısını necə ala bilər? Bu səbəbdən də adı çəkilən tibbi məhsulların qiyməti az qala 20-30 dəfə qalxıb, və ya onları əczaxanalarda ümumiyyətlə, tapmaq olmur. Bu isə qara bazarın yaranmasına və möhtəkirlərin qanunsuz biznesinin çiçəklənməsinə gətirib çıxarır.

Buna görə də əhalini maarifləndirmək, hər sensasion saxta xəbərin doğru olmadığını onlara başa salmaq, belə həlledici məqamlarda soyuqqanlılığı qorumaq, rəsmi instansiyaların məsələyə münasibətini, əhaliyə tövsiyyə və xəbərdarlığını gözləmək daha düzgündür. Əks təqdirdə kütləvi psixoza dönən əhali arasındakı təşviş cəmiyyəti iflic edər və xalq təsərrüfatının bütün sahələrinin işinə mənfi təsir göstərər. Sevindirici haldır ki, indiyədək Azərbaycanda bu virusun gətirdiyi faciəvi halla qarşılaşmamışıq və ümid edirik ki, bundan sonra da heç bir soydaşımız, vətəndaşımız bu təhlükəli virusa yoluxmayacaq. Əsası isə, beynimizi və şüurumuzu təhlükəli informasiya viruslarından qorumağımızdır.

“Yeni Çağ” Analitik Qrupu

COP29

www.yenicag.az

2177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv