Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus təhlükəsini “yüksək”dən “çox yüksək”ə qaldırıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, ÜST koronavirusun sürətlə yayıldığını və bütün ölkələrin bu təhlükəyə qarşı hazırlıqlı olmasının vacibliyini bəyan edib.
Hazırda koronavirusun yayıldığı bir sıra ölkələrdə kütləvi tədbirlərin ləğv olunduğu, xəstəliyin yayılmasına şərait yarada biləcək hallara qarşı məhdudlaşdırıcı addımların atıldığı bildirilir.
Məsələn, rəsmi mənbələrə görə, 34 nəfərin, BBC fars xidmətinin məlumatında isə 210 nəfərin koronavirusdan öldüyü deyilən İranda cümə namazları və parlamentin iclasları təxriə salınıb.
Artıq Avropa ölkələrinə də ayaq açan koronavirusun ən ən çox yayıldığı İtaliyada bu xəstəliyə yoluxanların sayının isə 821-ə, ölənlərin sayının isə 21-ə çatdığı qeyd olunur. İsveçrədə 15 nəfərin koronavirusa yoluxması müəyyən edildikdən sonra ölkədə ölkədə 1000 nəfərdən çox insanın iştirak edəcəyi bütün tədbirlər ləğv edilib.
Ümumiyyətlə, bu günə qədər 55 ölkədə koronavirusa yoluxma halı qeydə alınıb. Dünya iqtisadiyyatı isə koronavirusa görə 2008-ci il böhranından bu yana ən pis nəticələri göstərməkdədir. Yeganə müsbət məqam Çində son 10 gündə koronavirusdan sağalanların sayının yeni yoluxanların sayını ötməsidir.
ÜST hazırda koronavirusun dünyanın əksər ölkələrində yayılacağı ssenarisinə hazırlaşdığını açıqlayıb. Artıq Azərbaycanda da koronavirusa yoluxma halının aşkarlandığını və İranla qonşu olduğumuzu nəzərə alasaq, Azərbaycanda bundan sonra atılacaq addımlar, həm əhalinin virusdan müdafiəsi, həm də kütləvi ajiotajın yaranmaması üçün atılmalı olan addımlarla bağlı tövsiyələrin hazırlanıb əhaliyə çatdırılması zərurəti xeyli aktuallaşıb.
Bu barədə Yenicag.az-a danışan “Borçalı” cəmiyyətinin sədri. İxtisasca həkim olan Zəlimxan Məmmədli əhalinin koronavirusdan doğru üsullarla qorunması üçün tibb mütəxəssislərinin ictimaiyyətlə müntəzəm əlaqədə olmalarının vacibliyini bildirib:
“Digər infeksion xəstəliklərindən qorunma qaydaları koronavirusa da aiddir. Yəni bu virus üçün spesifik qorunma qaydaları yoxdur. İnsanlar gigiyenik qaydalara əməl etməli, xüsusi təmaslardan maksimum qaçmalıdırlar. Qoruyucu maskalardan istifadə etmək və evdə xəstə olan insanları təcrid etmək lazımdır.
Burada əsas diqqət xüsusi toplaşma yerlərinə yönəldilməlidir. Düşünürəm ki, xəstəliyin ciddiliyini nəzərə alaraq, məktəblərdə, bağçalarda, universitetlərdə müəyyən müddətə karantin elan olunmalıdır. Çünki bu tip yerlərdə virusun yayılma ehtimalı daha çoxdur.
Ajiotajın qarşısını almaq üçün ilk növbədə apteklərin fəaliyyətinə nəzarət həyata keçirilməlidir. Bildiyiniz kimi, virus təhlükəsi baş qaldırdıqdan sonra apteklərdə qoruyucu maskalar, spirt, pambıq və başqa vasitələrin qiyməti az qala beş dəfə artırıldı. Bunun qarşısı alınmalıdır. Dövlət əhalinin zəruri tibbi vasitələrlə təmin olunmasına diqqət yetirməlidir.
Ümumiyyətlə, hesab edirəm ki, koronavirusla bağlı əndişəyə heç bir ehtiyac yoxdur. Dünyada və Azərbaycanda daha təhlükəli xəstəliklərin, virusların qarşısı alınıb. İyirmi birinci əsrdə belə viruslar tibb üçün təhlükə deyil. Ona görə də təmkinli və əlbəttə ki, ehtiyatlı olmaq lazımdır”.
Aqil Bəkir
www.yenicag.az