Bu gün səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal axtarış tədbirləri başlayıb.
Bizim.media əlverişsiz hava şəraiti səbəbindən azan, əslən Şəmkir rayonundan olan hərbçimiz Ruslan Pənahovun atası ilə əlaqə yaradıb. Xəbəri yeni eşidən Eldəniz Pənahov oğluna görə narahatlığını ifadə edib:
“Xəbəri indi eşitdik. Çox narahatıq. Yeddi aydır ki, Laçında hərbi xidmətdə idi. Sonuncu dəfə oğlumla dünən danışdıq. Səhhətinin yerində və hər şeyin qaydasında olduğunu dedi. Ümumiyyətlə, oğlumla mütəmadi danışırdıq, heç bir narahatlığının olmadığını bildirirdi”.
www.yenicag.az