“Rusiyanın qibləsinə yatanlar anlamalıdırlar ki…” – Politoloq
Rusiya Erməniləri İttifaqının lideri Ara Abramyan özünə 60 illik yubiley keçirib. Doğum günü mərasimi Moskvadakı “Safisa” restoranında təşkil olunub. Abramyanın yubileyinə rus estradasının nümayəndələri qatılıb. Onların bir hissəsi erməni dilində mahnı oxuyublar.
Tədbirdə Rusiya və Ermənistan siyasətçiləri də iştirak ediblər. Onlar arasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Ermənistan Prezidenti Serj Sərkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyan da olub.
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun həmin yubiley mərasimində iştirak etməsi ilə bağlı Yeniçağ.az-a münasibət bildirən millət vəkili Asim Mollazadə deyib ki, burada təəccüblü heç nə yoxdur:
“Ermənistan müstəqil yox, Rusiyadan asılı olan bir dövlətdir. Rusiya nümayəndələrinin də bu cür mərasimlərində iştirak etməsi tam təbiidir. Rusiya hər zaman Ermənistanı dəstəkləyib və o ölkənin real sahibidir. Nəticə etibarilə bu cür addımlar münaqişənin həllinə əngəl törətməkdir. Ona görə də 25 ildir ki, beynəlxalq hüquq normaları işləmir və münaqişənin həlli yoxdur”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikrincə, nəzərə almaq lazımdır ki, artıq bir neçə əsrdir ki, erməni etnosu Rusiya dövlətinin əlində geosiyasi alətdir:
“Ermənilər kölə aləti olaraq daim Rusiyanın geosiyasi maraqları çərçivəsində fəaliyyət göstərdikləri üçün və ən nəhayət, XX əsrin əvvəllərində Rusiyadan birbaşa dəstək aldıqlarına görə Azərbaycan ərazisində Ermənistan dövləti yarada bildilər. O gündən indiyə qədər də dəyişən bir şey yoxdur. Ermənistan dövləti dırnaqarası müstəqildir. Heç kimə sirr deyil ki, onlar Rusiyanın əyalətidir. Ona görə də həm Rusiyada, həm Ermənistanın özündə fəaliyyət göstərən bütün siyasi dairələr, eyni zamanda hakimiyyət başında olan Sərkisyan və onun hərbi xuntası bilavasitə Kremlin əlaltılarıdırlar. Mənə elə gəlir ki, bu hadisədən Azərbaycandakı siyasətçilər, xüsusilə də hakim dairələr və ən nəhayət, hakimiyyətin içərisində olan Rusiya yönlü 5-ci kolonun nümayəndələri ibrət dərsi götürməlidirlər. Bütün hallarda ermənilər Rusiya üçün bir köynək daha yaxındır. Rusiyaya meyillənən və o qibləyə yatanlar anlamalıdırlar ki, bu ölkə heç bir zaman Azərbaycan üçün Dağlıq Qarabağ problemini ədalətlə həll etməyəcəklər. Bunu bizim də siyasi dairələr və hakimiyyətimiz birmənalı şəkildə artıq anlamalıdır. Rusiyadan mədət və yardım umanlar öz millətimizə xəyanət edirlər”. Politoloq bildirib ki, Ara Abramyanın 60 illik yubileyində belə Kreml rəhbərliyi öz iç üzlərini tam səmimi şəkildə ortaya qoyublar: “Sərsəm Jirinovski Azərbaycanın çörəyini Bakıda yeyəndə ölkəmiz haqqında dəbdəbəli sözlər deyirdi. Ancaq Moskvada tam səmimi olaraq öz iç üzünü və əsl sifətini göstərib, Artsaxın tez bir zamanda müstəqil dövlət kimi tanınacağını arzulayıb. Bunlar çox ciddi göstəricidir. Bu gündən sonra artıq Rusiyanın təşkil etdiyi istənilən yüksək səviyyəli görüşlərdən Azərbaycan imtina etməli və heç bir imdad istəməməlidir. Biz özümüzə və Türk qardaşlarımıza güvənməliyik”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az
www.yenicag.az