Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə keçirdiyi görüşü konstruktiv adlandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Rusiya və Amerika xarici siyasət idarələri başçılarının görüşü İslandiyanın paytaxtı Reykyavikdə olub və təxminən iki saat davam edib.
“Söhbət mənə konstruktiv göründü. Əvvəlki illərdə rəsmi Moskva ilə Vaşinqton arasında yaranmış qeyri-sağlam vəziyyətə üstün gəlməyin zəruriliyi barədə anlayış var”, – Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı bildirib.
Onun sözlərinə görə, danışıqların gedişatında iki ölkəyə dair diplomatik məsələlər müzakirə edilib. Tərəflər həmçinin ölkələrin prezidentləri üçün xüsusi halda strateji sabitlik məsələləri üzrə təklifləri hazırlamağı razılaşdırıb.
Bundan başqa, Lavrov və Blinken bir sıra beynəlxalq məsələləri, o cümlədən İranın nüvə sazişi üzrə birgə fəaliyyəti və Əfqanıstan məsələsini müzakirə ediblər.
Rusiya xarici işlər naziri qeyd edib ki, amerikalı həmkarını rəsmi Moskvanın Vaşinqtonla səmimi və qarşılıqlı hörmətə əsaslanan dialoqa hazır olmasına əmin edib.
ABŞ Dövlət Departamentinin mətbua xidmətinin rəhbəri Neda Prays deyib ki, Dövlət katibi Suriya xalqına humanitar yardımın çatdırılmasının təmin olunması üçün şəraitin yaradılmasının vacibliyini qeyd edib. “Tərəflər arasında regional məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münaqişənin uzunmüddətli siyasi yolla tənzimlənməsi üçün axtarışların davam etdirilməsi müzakirə olunub”.
Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri bildirib ki, A.Blinken və S.Lavrov iki ölkənin qarşılıqlı maraqlarını təqdim edəcək əməkdaşlıq mövzularını da müzakirə ediblər. Onlar strateji sabitlik, İran və Şimali Koreyanın nüvə proqramı, habelə Əfqanıstandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar:
“Dövlət katibi və xarici işlər naziri gələcəkdə də müzakirələr davam etdirmək barədə razılığa gəliblər”.
S.Lavrov isə bildirib ki, onların görüşünün yekununa dair məruzə ABŞ prezidenti Cozef Baydenə və Rusiya prezidenti Vladimir Putinə təqdim ediləcək.
www.yenicag.az