“Azərbaycan Ermənistanla münasibətləri gərginləşdirməkdən çəkinməməlidir”.
Bu sözləri Lavrovun İrəvan səfəri, səsləndirdiyi fikirlər və Qarabağ ətrafındakı prosesləri şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.
Elşad Musayev bildirib ki, Rusiyanın ikinci cəbhə açmaq şansı yoxdur:
“Təssüflər olsun ki, Azərbaycanda böyük əksəriyyət Qarabağ ətrafındakı prosesi oxuya bilmir, yaxud oxumaq istəmir. Ona görə də məsələyə münasibətləri populistcəsinə olur.
Rusiya bölgədən çıxmaq istəmir. Ona görə də münaqişəni dərinləşdirməyə çalışır. Lavrov bir çıxışında Pyotru xatırladır və onun apardığı işin davam etdiriləcəyini deyir. O, açıq-aşkar işarə vurur ki, bu ərazilər Rusiyaya məxsusdur. Azərbaycanın dostu da, qardaşı da Türkiyədir. Ona görə də Azərbaycan bu kritik məqamdan istifadə etməlidir. Lavrov Fərrux kəndinin də delimitasiya predmeti olmasını deyəndə ona cavab vermək yerinə, ordunu hərəkətə gətirib Qazaxın 7 kəndində oturmalı, Naxçıvanın anklav olan Kərki kəndinə daxil olmalıyıq. Biz prosesi gərginləşdirməkdən çəkinməməliyik. Rusiyanın regionda ikinci cəbhə açmaq şansı yoxdur. Rusiya cəbhə açarsa, Türkiyə də cəbhə açacaq. Azərbaycanın güzəştə getmək limiti yoxdur. Ermənistanın başa düşdüyü dil güc dilidir. Azərbaycan onları başa düşdüyü dildə başa salmalıdır”.
Səxavət Məmməd
www.yenicag.az