Leonardo da Vinçinin DNA-sı tapıldı: Gözləri "kamera" kimi işləyirmiş
Elm dünyası intibah dövrünün dahi rəssamı Leonardo da Vinçinin sirrini aça biləcək tarixi kəşflə çalxalanır. Tədqiqatçılar 500 il sonra dahinin özünə məxsus ola biləcək DNA izlərinə rast gəliblər.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu rəssamın “Müqəddəs Uşaq” adlı eskizindən götürülən nümunələrdə onun genetik kodunu tapıblar. Bu tapıntı da Vinçinin misilsiz dühasının ardındakı sirri çözmək potensialı daşıyır.

Tədqiqatın ən heyrətamiz tərəfi dahinin görmə qabiliyyəti ilə bağlıdır. Alimlər müəyyən ediblər ki, Leonardo dünyanı saniyədə 100 kadr sürətlə işləyən ağır çəkilişli kamera kimi görürmüş. Müqayisə üçün qeyd edək ki, sıravi insan gözü saniyədə cəmi 30-60 kadr qəbul edə bilir.

Məhz bu üstünlüyü sayəsində o, bir iynəcənin qanadlarının hərəkətini və ya suyun ən kiçik burulğanlarını fotokamera dəqiqliyi ilə kağıza köçürə bilib. Alimlər bu “super gücün” DNA-dakı KCNB1 və KCNV2 genlərindəki bir mutasiyadan qaynaqlandığını ehtimal edirlər.

Tapılan DNA nümunəsinin rəsmi olaraq Leonardo da Vinçiyə məxsus olduğunu sübut etmək üçün tədqiqatçılar dahinin hazırda yaşayan 14 qohumundan nümunə götürəcəklər. Y xromosomları üzərində aparılan analizlər artıq bu genetik qrupun İtaliyanın Toskana bölgəsindəki ortaq bir əcdada aid olduğunu təsdiqləyib.
Məsimə Məmmədova












