ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Kaliforniyanın San Fransisko şəhərində Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il təqaüdə çıxmış FTB əməkdaşı Babak Brumand (Babak Broumand) saxlanılıb.
Yenicag.az xəbər verir ki, qeyd olunan şəxsin erməni mütəşəkkil cinayətkar qrupları ilə əlaqəli olan vəkildən (istintaqa könüllü köməklik göstərdiyi üçün anonimliyini qorumaq məqsədilə adı çəkilmir) 200 min ABŞ dolları məbləğində rüşvət aldığı iddia edilir.
Belə ki, iddiaya əsasən 2014-cü ildə B.Brumandla tanış olan vəkil bir müddət sonra ondan müəyyən məbləğ müqabilində FTB daxili bazasında cinayətkar qrup üçün lazımi məlumatların yoxlanılmasını xahiş edib.
B.Brumand təklifi qəbul etmiş və sözügedən vəkildən 2015-2017-ci illərdə hər ay 10 min ABŞ dolları məbləğində rüşvət alıb.
Bu cür qanunazidd tərəfdaşlıq zamanı vəkil ilk olaraq özü, daha sonra isə işlədiyi erməni əsilli mafiya başçısı, Lev Aslan Dermen kimi tanınan Levon Termendzhyan haqqında FTB bazasında hər hansı axtarış xarakterli məlumatların mövcudluğunun araşdırılmasını xahiş edib.
B.Brumand 2015 və 2016-cı illərdə qeyd olunan şəxs barədə vəkilə FTB-nın daxili bazasındakı məlumatları ötürmüş və nəticədə erməni cinayətkarın adından ona aylıq vəsaitdən əlavə 36 min ABŞ dolları dəyərində “Ducatti” motosikleti hədiyyə edilib.
B.Brumand bundan əlavə, L.Termendzhyan ilə əlaqədə olan ABŞ Daxili Təhlükəsizlik Departamentinin xüsusi agenti Feliks Sisnerosa (Felix Cisneros) qarşı FTB tərəfindən aparılan istintaqa süni maneçilik törətməkdə də günahlandırılır.
B.Brumandın hazırki qanunvericiliyə əsasən 5 ilədək müddətə həbs olunacağı gözlənilir.
www.yenicag.az