Litva Rusiya və Belarusla sərhədlərinə müdafiə xətti ÇƏKƏCƏK
Litvanın mühafizəkar müxalifəti – “Vətən İttifaqı – Xristian Demokratlar” partiyası Rusiya və Belarusla sərhəddə “Vytautas Böyük Müdafiə Xətti” adlı 1 milyard avroluq genişmiqyaslı müdafiə infrastrukturu qurulmasını təklif edir.
Yenicag.az xəbər verir ki, bu barədə “Delfi” nəşri məlumat yayıb.
Partiya sədri Laurinas Kaşyunasın sözlərinə görə, bu xətt piyada və tank əleyhinə minalar, xəndəklər, tikanlı məftillər, mobil zirehli qruplar, radioelektron mübarizə vasitələri, NASAMS hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli artilleriya ilə təchiz olunacaq. Layihənin dəyəri təxminən 1 milyard avro təşkil edir və tikintinin bir-iki ilə tamamlanması planlaşdırılır.
Təklif olunan dörd xəttlik sistem düşmənin ölkəyə daxil olmasını çətinləşdirməyi və Litva ordusunun vaxtında səfərbər olunmasını təmin etməyi hədəfləyir. Baş nazir Gintautas Paluçkas təklifə münasibət bildirərək qeyd edib ki, müdafiə xəttinə dair zəruri qərarlar artıq qəbul olunub və lazımi avadanlıqların satın alınması prosesi davam edir.
Qeyd edək ki, Litva Müdafiə Nazirliyi 27 maneə parkı yaratmaq və Şyaulyay hava bazasının infrastrukturuna 300 milyon avro sərmayə yatırmaq planlarını da elan edib.