Lökbatanda məktəb "DONUR": Direktor davamiyyət tələb edir, müəllim isə valideynlərdən PEÇ İSTƏYİR - SƏS YAZISI
Bakının Qaradağ rayonunda yerləşən təhsil müəssisələrindən birində dözülməz vəziyyət yaranıb.
Yenicag.az-a daxil olan şok məlumata görə, Lökbatan qəsəbəsindəki 166 nömrəli məktəb-liseydə sinif otaqlarının buz bağlaması tədrisi iflic edib. Soyuq otaqlarda dözə bilməyən müəllimin valideynlərə müraciəti isə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu ortaya qoyub.
Valideyn qrupuna səs yazısı göndərən müəllim otaqların dözülməz dərəcədə soyuq olduğunu bildirib. O, dərslərin dayanmaması üçün imkanı olan valideynlərdən evlərindəki elektrik qızdırıcılarını (peç) məktəbə gətirmələrini xahiş edib.
Valideynlərin iddiasına görə, otaqların soyuqluğundan uşaqların xəstələndiyi bir vaxtda, məktəbin direktoru Veliyeva Zeyneb davamiyyətin mütləq olduğunu, şagirdlərin dərslərdə iştirak etməli olduğunu tələb edir. Valideynlər haqlı olaraq sual edir:
“İstiliyi təmin edə bilməyən rəhbərlik hansı haqla buzlu otaqlarda oturmağı mütləq tələb edir?”
Məktəb binasına kənardan elektrik qızdırıcılarının gətirilməsi həm yanğın təhlükəsizliyi qaydalarına ziddir, həm də köhnə elektrik naqillərinin bu yükə dözməyərək qısaqapanma vermə ehtimalı yüksəkdir.
Xatırladaq ki, təhsil müəssisələrinin istiliklə təmin olunması birbaşa dövlətin öhdəliyindədir və valideynlərdən bu cür texniki avadanlıq tələb olunması qanunsuzdur.
Məqalədə adıçəkilən tərəflərin və ya qurumların mövqeyini dərc etməyə hazırıq.
Yenicag.az












