Kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) həbsinə dair sanksiya dəyişdirilməyib.
Yenicag.az Rusiya mediasına istinadən xəbər verir ki, yanvarın 9-da Samara vilayət məhkəməsində Samara rayon məhkəməsinin 2017-ci il dekabrın 22-də Nadir Səlifovun həbsinə dair sanksiyaya yönəlik apellyasiya şikayətinə baxılıb.
Qeyd edək ki, Samara rayon məhkəməsi Səlifovun həbsinə Rusiya İstintaq Komitəsinin təqdimatı əsasında sanksiya verib. Avtoritet adam oğurluğu və bunun qarşılığında pul tələb etməkdə ittiham olunur.
Bu işdə daha 4 nəfərin, o cümlədən, Natiq Osmanov və Şahin Əhmədovun da adları hallanır. Onların vəkilləri də müştərilərinin həbs qərarından şikayət veriblər.
Şikayətə baxan federal hakimlər Andrey Jdanoviç və Larisa Muromtseva ilkin instansiyanın qərarını qüvvədə saxlayıb.
Səlifov bəhs olunan işdə 2015-ci il dekabrın 18-də Tolyattidə yaşayan iş adamı Kamal Quliyevin qaçırılmasına göstəriş verməkdə və azad olunması qarşılığında qohumlarından 10 milyon avro tələb etməkdə günahlandırılır.
www.yenicag.az