Azərbaycanda minimum aylıq əməkhaqqının artırılması ilə bağlı müzakirələr aparılır. Proqnozlara görə, parlament seçkilərindən sonra, daha dəqiq desək, ilin sonuna doğru minimum əməkhaqqının 345 manatdan 500 manatadək artması gözlənilir.
Ölkəmizin də qəbul etdiyi Avropa Xartiyasının tələblərinə əsasən, minimum əməkhaqqı məbləği orta aylıq əməkhaqqının 60 faizi qədərində olmalıdır. Bu baxımdan minimum əməkhaqqının qaldırılması labüd şartdir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hazırda bu məsələ ilə bağlı qeyri-müəyyənlik müşahidə olunur:
“Hazırda ölkədə minimum əməkhaqqının hesablanması qaydaları ilə bağlı biraz qeyri-müəyyənlik var. Çünki bununla bağlı bəzi məlumat və təkliflər səsləndirilir. Təklif olunur ki, Azərbaycanda saatlıq minimum ödənişlər sisteminə keçilsin. Bir çox Qərb ölkələrində bu çoxdan tətbiq olunmuş metoddur. Amma Azərbaycanın buna hazır olub-olmamasına birmənalı cavab verməkdə çətinlik çəkirəm. Çünki saatlıq minimum əməkhaqqı ödənişlərinə keçilməsi üçün Azərbaycanda bazar institutlarının daha geniş yayılmasına ehtiyac var”.
Ekspertin fikrincə, minimum aylıq əməkhaqqının birdən-birə 500 manatadək artımı inandırıcı deyil:
“Bizdə isə əsas iş yerləri dövlət və büdcə sektorundadır. Bu sektorda rəsmi çalışanların sayı 900 mindir. Onların saat hesabının necə hesablanacağını demək çətindir. Ona görə də, əgər belə bir qeyri-müəyyənlik varsa, hələ də əlaqədar hökumət və dövlət qurumlarında bu barədə müzakirələr gedir. Əgər köhnə minimum əməkhaqqı sistemi qalacaqsa, bunun 345 manatdan 500 manata qədər artırılması çətindir. Ən yaxşı halda 10 faiz civarında arta bilər. Yəni təxminən 30-35 manatdək artım gözlənilir”.
www.yenicag.az