Maddi bolluq, yoxsa TƏRBİYƏ? -"Uşağı tam arxayın salmaq onun gələcəyini məhv edir"

media-hightechnic-468x90

Son dövrlər valideynlər arasında uşaqlara maksimum maddi imkan yaratmaq və onları hər cür təmin etmək meyilləri kütləvi hal alıb. Bir çox ailələr hesab edir ki, övladına nə qədər çox pul xərcləsə, onun gələcəyi bir o qədər uğurlu və rəqabətədavamlı olacaq.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, bu yanaşma uşağın xarakterinin formalaşmasına mənfi təsir göstərir və gələcəkdə ciddi sosial fəsadlara yol açır.

media-2jlquo70jncyukhcyh0j2vljgiz13q2yc7ak0zkf_1200

Sosioloqun sözlərinə görə, valideynlərin ən böyük səhvi maddi təminatı tərbiyə ilə eyniləşdirmələridir:

“Valideynlər anlamalıdır ki, uşağa həddindən artıq pul xərcləmək həmişə yaxşılıq etmək demək deyil. Bəzən bu, tam əks nəticə verir. Elə valideynlər tanıyıram ki, övladına ev, maşın alıb, hər istədiyini edib, amma qarşılığında nə hörmət görüb, nə də dəyər.”

Mail Yaqub qeyd edib ki, cəmiyyətdəki “maddi bolluq uşağı vicdanlı və məsuliyyətli edir” düşüncəsi kökündən yanlışdır:

“Bu, tamamilə səhv yanaşmadır. Mən uşağıma nə qədər çox maddi dəstək olsam, o, bir o qədər yaxşı insan olacaq fikri özünü doğrultmur. Əksinə, belə hallarda uşağın məsuliyyət hissi zəifləyir, onda asılılıq yaranır və zəhmət çəkmək həvəsi itir.”

Sosioloq problemin digər tərəfinə valideyn xəsisliyinə də diqqət çəkib:

Uşaq hiss etməməlidir ki, valideyn pulu ondan üstün tutur. Çox varlı olub, öz övladına pul xərcləməyən valideynlər də var. Bu, uşağın psixologiyasında ağır travmalar yaradır, özgüvənini sarsıdır və valideyn-övlad münasibətlərini kökündən soyudur.

Ekspertin fikrincə, çıxış yolu bu iki ifrat yanaşma arasında balans yaratmaqdır:

“Valideyn övladının zəruri ehtiyaclarını mütləq qarşılamalıdır, lakin onu tam asılı vəziyyətə salmamalıdır. Uşağa elə bir arxayınlıq vermək olmaz ki, o, həmişə valideynin varlığına güvənsin. Sabah o valideyn olmaya bilər, ona görə də uşaq öz ayağı üstündə dayanmağı bacarmalıdır. Övladındakı kreativlik, çalışma ruhu və təşəbbüskarlıq öldürülməməlidir. Uşaq dərk etməlidir ki, uğur qazanmaq üçün özü də tər tökməlidir.”

Mail Yaqub əlavə edib ki, hər istəyi hazır şəkildə qarşılanan uşaqlar gələcəkdə çətinliklər qarşısında aciz qalır:

“Uşağa nə qədər pul istəsən, mən verəcəyəm mesajı ötürmək ziyanlıdır. İcazə verək özü də çalışsın, gələcəyi barədə düşünsün, pul qazanmağın yollarını araşdırsın və həyat bacarıqları qazansın.”

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa