Maduronun "reklam" etdiyi gödəkçə rekord qırır: "Yaza qədər tapılmayacaq"
Venesuela lideri Nikolas Maduronun ABŞ-a qandallı şəkildə aparılarkən geyindiyi gödəkçə dünya geyim bazarını alt-üst edib. ABŞ brendinin rəhbəri yaranmış vəziyyəti “pulsuz qlobal reklam” adlandırıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorka qandallı halda gətirilən Maduronun üzərindəki ABŞ-ın “Origin” brendinə məxsus gödəkçə böyük marağa səbəb olub. Narkotiklə Mübarizə İdarəsinin (DEA) agentlərinin müşayiəti ilə kameralara iki baş barmağını yuxarı qaldıraraq poz verən Maduronun “Vətənsevər mavi” tonundakı geyimi markanın stoklarını bir neçə saat ərzində bitirib.

“Origin” brendinin qurucusu və CEO-su Peter Roberts baş verənlərə yumorla yanaşaraq video-müraciət yayımlayıb. O, gödəkçənin Maduroya böyük ehtimalla DEA agentləri tərəfindən geyindirildiyini düşündüyünü bildirib:

“İki baş barmağını da yuxarı qaldırdığına görə, yəqin ki, parçanın keyfiyyətini bəyənib. Onun bu görüntüləri markamıza gözlənilməz bir qlobal tanınma qazandırdı.”
Sosyal mediada yaranan marağı fürsətə çevirən şirkət, rəsmi “X” hesabında Maduronun saxlanılma fotosunu paylaşaraq maraqlı qeyd yazıb: “Amerikaya xoş gəldiniz. Təəssüf ki, “Vətənsevər mavi” gödəkçələrimiz yaza qədər satışda olmayacaq, lakin artıq ön sifariş verə bilərsiniz”.

Qeyd edək ki, “Origin” şirkəti hazırda sifarişləri çatdırmaqda çətinlik çəkir və telefonların susmadığını bildirir.
Məsimə Məmmədova












