Madyarın qələbəsinin Trampa ötürdüyü MESAJ: Məşhur nəşr amerikalıları eyni taktikadan istifadəyə ÇAĞIRDI
Peter Madyarın bu həftə Macarıstanda qazandığı böyük qələbə ABŞ Prezidenti Donald Trampın korrupsiyalaşmış, avtoritar siyasət yanaşmasına qalib gəlməyə ümid edən amerikalılar üçün ilham mənbəyi rolunu oynayır.
Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin təhlil məqaləsində qeyd olunub.
Bildirilib ki, Macarıstan, şübhəsiz ki, Birləşmiş Ştatlardan çox fərqli bir ölkədir, lakin Viktor Orbanın yüksəlişi və hakimiyyətdən istifadə üsulu uzun müddət Tramp üçün model olmuşdu. İndi isə Orbanın çöküşü, Demokratlar Partiyası və avtoritar sağçı təhlükəni məğlub etməyə çalışan hər hansı digər partiya üçün model ola bilər.
Nəşr Madyarın qəlbə qazanmasını şərtləndirən əsas amil kimi onun korrupsiyanı kampaniyanın mərkəzi məsələsinə çevirməsin göstərib:
“O, 20 ildən artıq bir müddəti Orbanın “FİDES” Partiyasının üzvü kimi keçirmiş, dövlət nəzarətindəki qurumlarda yüksək vəzifələrə qədər ucalmışdı. Lakin Madyar 2024-cü ilin əvvəlində, hökumətin azyaşlı oğlanlara qarşı cinsi zorakılıq etmiş keçmiş bir məmuru əfv etməsi ilə bağlı qalmaqala etiraz olaraq “FİDES”dən istefa verdi. Cənab Madyar korrupsiyadan iyrəndiyini bildirdi və “bir neçə ailə ölkənin yarısına sahibdir” iddiası ilə çıxış etdiyi səs-küylü bir müsahibə verdi. Daha sonra o, “Tisa” Partiyasına qoşuldu və onun liderinə çevrildi.
Kampaniya zamanı o, Orbanın korrupsiyasını macarların durğun həyat standartlarından qaynaqlanan məyusluğu ilə əlaqələndirdi. Bazar günü gecə qələbə nitqində cənab Madyar vətəndaşların yaxşı tibbi xidmət, layiqli ailə həyatı və hörmətli təqaüd dövrü təmin etmək üçün öz hökumətlərinə güvənə biləcəyi bir ölkə vəd etdi. O bildirdi ki, əsas məsələ siyasi əlaqələr deyil, insanın necə bir şəxsiyyət olmasıdır”.
Nəşr bu strategiyanın Amerika versiyasını təsəvvür etməyin kifayət qədər asan olduğunu diqqətə çatdırıb:
“Cənab Tramp cənab Orban kimi, öz vəzifəsindən özünü, ailəsini və dostlarını varlandırmaq üçün istifadə edib. O, zorakı cinayətlər törətmiş siyasi müttəfiqlərini, o cümlədən əfv olunduqdan sonra uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunan bir nəfəri əfv edib. O, imkanlı şəxslər üçün vergiləri azaldıb və fəhlə sinfindən olan amerikalıların səhiyyə xidməti almasını çətinləşdirib. Onun İrandakı müharibəsi benzin qiymətlərini artırıb.
Onun populizmi saxtadır. Bu, əksər amerikalıların hesabına varlı, əlaqələri olan kiçik bir təbəqəyə xidmət edir və həm onu, həm də partiyasını hökuməti bir xeyir qüvvəsi kimi inandırıcı şəkildə istifadə edə bilən müxalifət qarşısında siyasi cəhətdən zəif qoyur. Cənab Madyarın qələbəsi Demokratlar Partiyasının cənab Trampı tənqid etməkdən xeyli kənara çıxan və ölkə üçün alternativ baxış cızan iddialı bir gündəliyə ehtiyacı olduğunu vurğulayır. Demokratların hələ belə bir gündəliyi yoxdur, lakin partiyada bir çoxları buna ehtiyac olduğunu qəbul edirlər”.
NYT bildirib ki, Orbanın məğlubiyyəti heç də hekayənin sonu deyil, hətta onun müttəfiqlərinin hökumətin bir çox hissələrində möhkəmləndiyi Macarıstanda belə. Lakin onun məğlubiyyəti əhəmiyyətlidir. Bir çoxları onun məğlubedilməz olduğunu düşünürdü. O, Vladimir Putinin Avropa İttifaqı daxilindəki ən böyük müttəfiqi və Qərb illiberalizminin orijinal 21-ci əsr modeli idi. Cənab Tramp ona açıq şəkildə heyranlığını bildirirdi və vitse-prezident C.D. Vens keçən həftə ona dəstək kampaniyası aparmaq üçün Macarıstana getmişdi.
“Cənab Madyar bu ifrat sağçı divi tamamilə məğlub etdi. Azad dünya onun bunu necə etdiyinə dürüst nəzər salmalıdır”, – məqaləyə yekun vurulub.













