!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mafiyanın qanuna tabe olduğu "YAVRU VATAN": "...başqa bir kainata keçid etmişdim" - Şimali Kiprdəki azərbaycanlı jurnalistlə MÜSAHİBƏ

!Reklam – Yazi

“Kazinoların, mafiyaya bağlı şəxslərin mərkəzləşdiyi bu adada cinayət hadisəsi yoxdur”.

Bunu bir müddət Şimali Kiprdə yaşamış azərbaycanlı jurnalist Elmira Əliyeva Yenicag.az-a müsahibəsində deyib. Müsahibəni təqdim edirik.

– Uşaqlıq illəriniz necə keçib? Jurnalistikaya marağınız haradan yaranıb?

– Bakıda doğulub böyümüşəm. Uşaqlıq dövründən jurnalistikaya marağım olub. Gələcəkdə jurnalist olmağı arzusu ilə uşaqlıqda dezodorant qabını mikrofon kimi valideynlərimə uzadıb müsahibə almağa çalışırdım. Məktəbi bitirib universitetə imtahan verdim. Topladığım yüksək nəticə ilə hətta daha elitar sayılan hüquq fakültəsinə belə qəbul ola bilərdim. Sənədlərimi isə uşaqlıq sevgim olan jurnalistikaya verdim.

Tələbəlik illərində təcrübə üçün bir neçə saytda işlədim. İlk iş yerim “Zerkalo” qəzeti idi. AzTV-də təcrübəçi kimi beş ay fəaliyyət göstərmişəm. İşə götürmək istəsələr də, ailə qurub Kiprə köçəcəyimi bildirdim.

2015-ci il Kiprə köçsəm də, jurnalistika fəaliyyətimdən geri qalmaq istəmədim. Rusdilli auditoriyanı əhatə edən yerli “Obozrevatel” qəzetində işə düzəldim. Burada ən böyük uğurum indiki Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatardan müsahibə almağım oldu.

– Həm Azərbaycan, həm də Şimali Kiprdə mətbuatda çalışmışınız. Fərqini yəqin duymusunuz.

– Azərbaycanın bir çox saytını izləmişəm, hamı hər şeydən yazmağa çalışır. Həm sosial, həm siyasi, həm iqtisadi, həm mədəniyyət və sair. Lakin Şimali Kiprdə işlədiyim mediada belə deyildi. Agentliyin bilinən xətti olur və o xətlə də davam edir. Ona görə də Kiprdə hara müraciət edəcəyini bilir, işi nisbətən rahat tapa bilərsən.

Oxucu da fərqlidir. Şimali Kiprdə insanlar xəbəri smartfondan yox, qəzetdən oxumağı üstün tutur. Səhər hər hansı kafeyə getsək, əlində qəzet, masasında kofe olan şəxsləri görə bilərik.

– Şimali Kiprdə yaşamağın nə kimi özəlliyini qeyd edə bilərsiniz?

– Şimali Kiprdə göydələn yoxdur. Binalar ən çox beş, yaxud altı mərtəbə hündürlüyündə tikilir. Dağ-dəniz mənzərəsini pozmağa heç kimin ixtiyarı yoxdur.

Növbə mədəniyyəti Şimali Kiprdə çox inkişaf edib. Azərbaycanda gözləmək istəməyənin, növbəsiz işini həll etməyə çalışanın sayı çoxdur. Kiprdə bir sənəd üçün 8 saat gözlədiyim gün olub. Hamı kimi sən də gözləyirsən

Digər maraqlı faktlardan biri isə dünya ölkələrinin Şimali Kipri tanımadığı üçün İnterpolun burada axtarış verə bilməməsidir. Lakin kazinoların, mafiyaya bağlı şəxslərin mərkəzləşdiyi bu adada cinayət hadisəsi yoxdur. Mafiyanın belə qanuna tabe olduğunu deyə bilərəm.

– Şimali Kiprlə Azərbaycanın həyat ritmi eynidir, yoxsa fərqli?

– Şimali Kiprə köçdükdə bir çox dəyişikliyi gördüm. Sanki başqa bir kainata keçid etmişdim. İnsanlar dünyadan həzz alır, problemləri yox, üzləri daim gülür. Gənclərin getdiyi əyləncə məkanlarında yaşlıları da görmək mümkündür.

Azərbaycanı çox sevsəm də, hər birimizin qəbul edəcəyi bir reallıq var. Azərbaycan tam fərqli bir yaşama sahibdir. Hər kəs harasa gecikir. İşçilər işə, tələbələr universitetə, bəzi qızlar isə ərə getməyə.

Nəsimi Ələsgərli

www.yenicag.az

8375
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv