Makron əş-Şaraanı qəbul edəcək
Fransa prezidenti Emmanuel Makron Suriyada Bəşər Əsəd rejimini devirmiş “Heyət Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əş-Şaraanı Parisdə qəbul edəcək. Bu, əş-Şaraa-nın Avropaya ilk rəsmi səfəri olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Yelisey sarayının yaydığı məlumatda bildirilir ki, səfər çərçivəsində görüş 7 may, çərşənbə günü baş tutacaq. Görüş zamanı prezident Makronun “Fransanın yeni, azad, sabit, suveren və Suriya cəmiyyətinin bütün icmalarına hörmət edən bir Suriyanın qurulmasına dəstəyini” bir daha təsdiqləyəcəyi gözlənilir.
Yelisey sarayından bildirilib:
“Bu görüş Fransanın sülh və demokratiya uğrunda mübarizə aparan Suriya xalqına tarixi sədaqətinin bir hissəsidir”.
Qeyd edək ki, Makron fevral ayında Əhməd əş-Şaraa ilə telefon danışığı aparan ilk Avropa lideri olmuş və onu Fransaya rəsmi səfərə dəvət etmişdi. Avropa İttifaqının Suriya siyasətində dönüş dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra başlayıb. Yanvar ayında Aİ Suriyanın iqtisadiyyatının bir neçə əsas sektoruna tətbiq edilən sanksiyaların aradan qaldırılmasına razılıq verib.
Bundan əlavə, martın 17-də Brüsseldə keçirilən Suriya üzrə doqquzuncu beynəlxalq konfransda iştirakçılar ölkəyə ümumilikdə 5,8 milyard avro maliyyə dəstəyi ayıracaqlarını bəyan ediblər.