Manatın məzənnəsi ilə bağlı mühüm yenilik
Son statistik məlumatlara görə, manatın dövretmə sürəti 3,33 bənd təşkil edib. Bu, aprelin 1-i ilə müqayisədə 0,03 bənd, ilin əvvəli ilə müqayisədə 0,12 bənd azdır.
Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb.
Manatın dövretmə sürətinin azalması nəyə işarədir?
Yenicag.az xəbər verir ki, iqtisadçı Eyyub Kərimli Globalinfo.az-a açıqlamasında hazırda ölkəmizdə devalvasiya riskinin olmadığını deyib.
“Manatın dövriyyə sürətindəki azalma hər zaman belə dəyərləndirilməməlidir. Bu il inflyasiya göstəricilərimiz aşağı səviyyədədir və bu, iqtisadi fəallığın mülayim azalması ilə əlaqədar ola bilər. Ümumilikdə, cari ilin ilk 5 ayının göstəricilərini müqayisə etdikdə, manatın dövriyyə sürətindəki azalmaların devalvasiya prosesini aktivləşdirmədiyi aydın olur”, – o qeyd edib.
İqtisadçı bildirib ki, Azərbaycanda devalvasiya riskini artıran önəmli amillər mövcud deyil:
“İqtisadi durğunluq baş vermir, əhalinin və biznesin iqtisadi fəallığı kifayət qədər yüksək səviyyədədir. Ötən illə müqayisədə banklardakı depozitlərin həcmi və məbləği artır. Bundan əlavə, xarici ticarət balansımız müsbət saldoya malikdir və inflyasiya gözləntiləri aşağı səviyyədə saxlanılır”.