Ukrayna “Avromaydan” hadisələrinin ildönümünü qeyd edib. Yenicag.az anspress-ə istinadən bildirir ki, Ukrayna xalqı bir il əvvəl sabiq hökumətə qarşı keçirilən etiraz aksiyaları zamanı polislə qarşıdurmalarda ölən insanların xatirəsini yad edib.
Maydan hadisələri kimi tarixə düşən qarşıdurmalarda 100 nəfər ölmüşdü. Ötən gün paytaxt Kiyevdə hadisələrin ildönümü qeydə etmək məqsədilə axşam saatlarından etibarən on minlərlə insan “Maydan”a toplaşıb. Qarşıdurmalar zamanı insanların öldüyü yerdən səmaya doğru projektor işıqları salınıb.
Ukrayna xalqı “Maydan” qurbanlarını “Səmavi Yüzlük” adlandırır. Prezident Pyotr Poroşenko mərasimdə çıxışı zamanı 2015-ci ildən etibarən ölkədə fundamental dəyişikliklərin olacağını deyib. Ukrayna prezidenti əmindir ki, Ukrayna sülh şəraitində yaşayacaq, inkişaf edəcək və Avropaya doğru irəliləyəcək.
Bir il əvvəl Kiyevdə hökumətin devrilməsi ilə nəticələnən etiraz aksiyaların iki gündən sonra təhlükəsizlik qüvvələri ilə atışmalara çevrilmişdi. Əsasən, snayperlərdən ibarət dəstə Maydan fəallarını hədəfə almağa başlamışdı.
Hadisələrlə əlaqədar indi də istintaq araşdırmaları davam edir. Hələlik ölüm faktlarına görə, kimin məsuliyyət daşıdığını müəyyən etmək mümkün olmayıb. Bununla belə, Poroşenko atışmaların Moskva tərəfindən təşkil olunduğunu iddia edir.
Hazırda Ukraynanın şərqində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında nisbi sakitlik müşahidə olunur. Ukrayna hərbi rəhbərliyi üsyançıların sutka ərzində azı 50 dəfə atəşkəsi pozduğunu bildirib.
Ötən gün Almaniya kansleri Angela Merkel Fransa prezidenti Fransua Oland ilə birgə Ukraynada vəziyyəti müzakirə edib. Parisdə keçirilən görüşdə hər iki lider Minsk razılaşmasının şərtləri icra olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar tədbiq edəcəklərinə dair xəbərdarlıq ediblər.
“Kansler və mən Minsk danışıqlarından sonra vəziyyəti dəyərləndirmək məqsədilə daimi olaraq əlaqə saxlayırıq. Razılaşmanın şərtləri icra olunmalıdır”.
Almaniya kansleri Angela Merkel isə bildirib ki, atəşkəs razılaşmasının şərtlərini icra etmək çətindir. Lakin daha çox qan tökülməsinin qarşısını almaq vacibdir.
www.yenicag.az