Mediaya vergi güzəştini necə oxumalıyıq? - Aqil Ələsgərin TƏHLİLİ
Media subyektləri üçün vergi güzəştlərinin daha 3 il uzadılması, əslində, bu sahəyə açılan əlavə “hava dəhlizi” kimi dəyərləndirilə bilər. Xüsusilə əksər onlayn media qurumları məhdud büdcəli təşkilatlar üçün vergi yükünün olmaması onların ayaqda qalmasını, fəaliyyətini dayandırmamasını təmin edir. Reklam bazarının məhdud, monopolistlərin əlində olduğu bir zamanda, dövlətin vergi güzəşti ilə bir addım geri çəkilməsi, medianın isə bir addım irəli getməsi üçün fürsət yaradır. Bu, sırf iqtisadi qərar kimi yox, informasiya mühitinə sərmayə kimi də oxuna bilər.
Gəlirlərdən – o cümlədən reklamdan və dövlət orqanlarının verdiyi maddi yardımlardan – vergi tutulmaması redaksiyalara imkan verir ki, əsas diqqəti bürokratik və fiskal problemlərə yox, məzmunun özünə yönəltsinlər. Daha çox jurnalist işə götürmək, analitik yazılara resurs ayırmaq, texniki keyfiyyəti artırmaq (saytın modernləşdirilməsi, təhlükəsizlik, dizayn və s.) üçün əlavə imkan yaranır. Bu, dolayı yolla oxucunun xeyrinədir: daha zəngin, daha peşəkar kontent, daha çox mövqe, daha çox baxış bucağı deməkdir.

Kiçik media qurumlarına “can simidi”
Azərbaycan reallığında bir çox kiçik media qurumu uzun müddət ya tam rəsmi sistemə daxil olmur, ya da minimal formal rejimdə fəaliyyət göstərir. Vergi güzəştinin davam etməsi onlara belə bir mesaj verir: “Gəlin, rəsmi mexanizmlə işləyin, amma sizi vergiylə boğmayacağıq”. Bu isə şəffaflığın artmasına, hüquqi çərçivədə işləyən media subyektlərinin sayının çoxalmasına müsbət təsir edə bilər. Rəsmi qeydiyyatda olan, hesabatlı media həm hüquqi cəhətdən daha qorunmuş olur, həm də peşə standartlarının oturuşmasına zəmin yaradır.
Uzunmüddətli planlaşdırma imkanı yaradan güzəştlər
Qanunda güzəştin müddətinin əvvəlcədən elan olunması – daha 3 il – media rəhbərlərinə və investorlarına orta müddətli plan qura bilmək imkanı verir. Gəlir modellərini, layihə büdcələrini, əməkhaqqı siyasətini qurarkən vergi narahatlığı bir qədər azalır.
Cəmiyyətin xeyri nə olacaq?
Axır nəticədə medianın yaşaması, şaxələnməsi, çoxsəsliliyin qorunması cəmiyyətin xeyrinədir. İnsanlar daha çox mənbədən məlumat ala, müqayisə edə, analiz edə bilirlər. Vergi güzəşti birbaşa oxucunun cibinə getmir, amma dolayı yolla informasiya seçimini genişləndirir. İnformasiyaya çıxış nə qədər rahat və rəngarəng olsa, ictimai şüur da bir o qədər sağlam formalaşır.
Prezidentin media siyasətinin açıq təzahürü
Media subyektləri üçün vergi güzəştlərinin müddətinin uzadılmasını, eyni zamanda, Prezident İlham Əliyevin son illərdə mediaya iqtisadi dəstək xəttinin tərkib hissəsi kimi də oxumaq olar. Jurnalistlər üçün yaşayış binalarının tikintisi, güzəştli ipoteka faizlərinin media mənsubları üçün də tətbiqi, vergi yükünün yüngülləşdirilməsi – bunların hamısı İlham Əliyevin mediaya olan real dəstəyinin göstəricilərindəndir. Təbii ki, bu həm də mediaya ötürdüyü növbəti şansdır…
Aqil Ələsgər












