“Yanlış anlayışlar, düşüncələr daim cəmiyyət arasında parçalanmaya səbəb olur, lakin doğru anlayış, idrak işığını yandıran insanlarda isə bir qardaşlıq, birlik, bərabərlik, bütünləşmə düşüncəsi formalaşır”.
Bu fikirləri Məhərrəm ayının mahiyyəti barədə danışan ilahiyyatçı Ağa Hacıbəyli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu ay İslam cameəsində önəmli yerə malikdir:
“Məhərrəm ayı İslam cameəsində özəl bir yerə malikdir. Bu ay Qurani-Kərimdə dörd haram aydan biri olaraq sayılır. Yeni il baxımından çox böyük əhəmiyyətə malikdir. İnsanlıq tarixi boyunca Məhərrəm ayının içərisində bir çox hadisələr baş verib. Bu ay Nuh peyğəmbərin tufanından tutmuş, İbrahim peyğəmbərin atəşə atılmasına, Musa peyğəmbərin Fironun zülmündən, Eyyub peyğəmbərin xəstəlikdən qurtulması, Yunis Peyğəmbərin balığın qarnından xilas olması kimi bir çox hadisələrə şahidlik edib.
Məhəmməd peyğəmbərin də 23 illik peyğəmbərlik həyatında Məhərrəm ayının xüsusi yeri olub. Lakin peyğəmbərimizin vəfatından 50 il sonra Kərbəlada həzrəti Hüseyn və onun ətrafında olan 72 nəfərin şəhid olması ilə ağır bir dramatik hadisə yaşanıb. Bundan sonra aşura İslam tarixində daha fərqli anlam ifadə etməyə başlayıb. Bu ay günümüzə qədər fərqli ölkələrdə fərqli dəyərləri ehtiva edir. Bu baxımdan, bu ayla bağlı yanlış təsəvvürlərdən ziyadə Məhərrəmin özünün ruhunu anlamaq, bu ayın fərqinə varmaq üçün həzrət Hüseyn məktəbinə diqqətlə baxmaq ehtiyacımız var. Bu məktəb günümüz baxımından 21-ci əsrin müsəlmanına fərqli səsləri ifadə edir. Əsası olan odur ki, birliyimizə, bərabərliyimizə, bir daha Kərbala hadisəsini yaşamamaq üçün ümmətin qardaşlıq ruhunu inşa etməsinə ehtiyac var. Hər halda, dağılmalar, yanlış anlayışlar, düşüncələr daim cəmiyyət arasında parçalanmaya səbəb olur, lakin doğru anlayış, idrak işığını yandıran insanlarda isə bir qardaşlıq, birlik, bərabərlik, bütünləşmə düşüncəsi formalaşır
Hesab edirəm ki, ölkəmizdə də son illərdə bu istiqamətdə aparılan təbliğat, minbərə çıxan imamların səsləndirdiyi fikirlər özəlliklə Azərbaycanı, bu cənnət məkanımızı daha çox bu ruhda kökləyir, insanlarımızı daha çox gələcəyə böyük bir ümid içərisində getməyi tövsiyə edir. Əsl olan da budur ki, biz öz keçmiş dəyərlərimizi öyrənib gələcəyimizə daha əmin addımlar atırıq. Əlbəttə, həzrət Hüseyn məktəbində öyrənə biləcəyimiz ən önəmli məsələlərdən biri Allaha iman, təslimiyyət, saleh işlər, gözəl ibadət, digər tərəfdən, zalımların qarşısında boyun əyməməkdir. Biz bir xalq olaraq 28 il Qarabağımızın necə istilada olduğunu görmüşük. Həmd olsun ki, artıq üçrəngli bayrağımız ölkəmizin dörd bir tərəfində dalğalanır. Təbii ki, hər bir işin içərisində doğrular olduğu kimi, yanlışlar da var. Yanlış olan bu hadisələrə kiçik nəzərlərlə tamaşa etmək, eyni zamanda, cahiliyyə dövründə olan bir çox şeyi yaşatmaqdır. Doğru baxış isə oradan ilham almaq, ümid işığı götürmək, gələcəyimizi inşada bu mənəvi dəyərdən istifadə etməkdir”.
İsmayıl Bakuvi
www.yenicag.az