Mehman Hüseynov sərbəst buraxılıb
Bazar ertəsi səhər Bakı hava limanında saxlanılan bloqer Mehman Hüseynov axşamüstü sərbəst buraxılıb.
“Ağır Cinayətlərə Dair İstintaq İdarəsində mənə müstəntiq dedi ki, bundan sonra ölkəni tərk edəndə mənə müraciət etməlisən. Bununla mənə təzyiq edirlər və incidirlər”.
Bunu Hüseynov deyib.
Onun sözlərinə görə, Bakı hava limanında saxlanılan zaman ölkədən çıxışına Baş Prokurorluğun qadağa qoymadığı məlum olub.
“Mənə dedilər ki, sistemdə adım, soyadım yazılanda ağ vərəq çıxır. Mənim Baş Prokurorluğa etdiyim müraciətə cavab gəlib ki, ölkəni tərk etməyinə etiraz etmirik. Sonra Səbayıl Rayon Polis İdarəsində 4 saat dindiriləndə mənə sual verdilər ki, bunu istintaqdan yayınma kimi görmürsən?”, o bildirib.
Bloqer deyir ki, əslində məqsədi ölkəni tərk etmək olmayıb və bunu istintaqdan yayınma kimi təqdim etmək absurddur.
“Məlum cinayət işi ilə bağlı mən 2 dəfə ölkəni tərk etmişəm, amma 3 ildir ki, bu qadağa mənim üstümdədir. Buna görə də mən Baş Prokurorluğu məhkəməyə vermək üçün sübut axtarırdım. Bu gün nümayəndəmlə aeroporta gedəndən sonra olanları məhkəmədə istifadə edəcəm”, o əlavə edib.
Bundan əvvəl bloqerin Səbayıl Rayon Polis İdarəsində dindirilməsi haqda məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yerli mediaya deyib ki, bloqer çıxışına qoyulan qadağaya “məhəl qoymadan ölkədən çıxmağa cəhd edib” və polis bu cəhdin qarşısını alıb.
“2012-ci ildə Mehman Hüseynov barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq maddəsi ilə) cinayət işi başlanılıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı yasaqlanıb”.
Hüseynovun nümayəndəsi Günay İsmaylova daha öncə BBC Azərbaycancaya bloqerin şəxsiyyət vəsiqəsinin 2019-cu ilə qədər etibarlı olduğunu və bu pasportla ötən il də daxil olmaqla üç dəfə ölkədən çıxdığını bildirib.(qafqazinfo.az)