Mehriban və Leyla Əliyeva Parisdə fotosərgidə-Fotolar
Noyabrın 28-də Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin Azərbaycana həsr olunan fotosərgisinin və iki kitabının təqdimatı keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Parisin məşhur “Pöti Pale” sərgi-muzey kompleksində təşkil olunan sərgi artıq neçə gündür ki, Fransa ictimaiyyətinin, Paris sənətsevərlərinin, xüsusilə nüfuzlu media orqanlarının diqqət mərkəzindədir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Fransanın tanınmış ictimai və mədəniyyət xadimlərinin bu tədbirə qatılması bir daha Reza Deqatinin sənətinə və onun mövzularına olan maraqdan qaynaqlanır.
Tədbirin aparıcısı ölkəmiz, onun zəngin mədəniyyəti və tarixi barədə qonaqlara məlumat verdi. Bildirildi ki, Reza Deqatinin bu sərgisi Paris sənətsevərləri tərəfindən böyük maraqla qarşılanıb.
Sərginin təşkilinə görə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirən dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycanın çox tolerant, gözəl və zəngin ölkə olduğunu dedi. “Həyatımın böyük hissəsi münaqişə zonalarında keçib. Münaqişələr zamanı çəkdiyim hər bir foto mənə o münaqişəni yaşadıb”,- deyən Reza Deqati bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi zamanı yaşadıqları anlar həyatının acı mərhələsidir. Ölkəmizin bu münaqişədən əziyyət çəkdiyini, Azərbaycanın ərazisinin bir hissəsinin ermənilər tərəfindən işğal olunduğunu, problem nəticəsində azərbaycanlıların öz ata-baba yurdlarından didərgin düşdüyünü qeyd edən dünya şöhrətli fotoqraf Xocalı soyqırımı barədə danışdı. “Xocalıda gördüklərim hafizəmdə əbədi qaldı və məni vadar etdi ki, bu faciəni bütün dünyaya çartdırım”,-deyən Rza Deqati Xocalı soyqırımının qurbanlarının və şahidlərinin yaradıcılığının əsas qəhrəmanları olduğunu söylədi.
Sərgi çərçivəsində Reza Deqatinin iki kitabının təqdimatı da oldu. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan “Odun cazibəsi” və “Günahsızların qırğını” kitablarında Reza Deqatinin bu sərgidə nümayiş olunan fotoları toplanıb.
Tanınmış fotojurnalist Azərbaycana ilk dəfə 1987-ci ildə səfər edib. 1997-ci ildə isə bir neçə ay Azərbaycanda yaşayıb, ölkəni gəzərək sadə insanların gündəlik həyatını, məişətini, adət-ənənələrini fotolarda əbədiləşdirib. 2013-cü ildə isə Parisdə Reza Deqatinin “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi keçirilib. Həmin sərgi sonralar Moskvada, İsrailin müxtəlif şəhərlərində, eləcə də BMT-nin mənzil qərargahında, Avropa Parlamentində nümayiş olunub. Reza Deqatinin “Talelərin qovuşması”, “Müharibə+Sülh”, “Ümid”, “Qəlbin pəncərəsi” kimi layihələri dünyada məşhurdur. O, ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin üzvü, bir çox nüfuzlu universitetlərin fəxri doktoru, Fransa Respublikasının “Xidmətlərə görə” ordeninin laureatıdır.
Sərgi dekabrın 7-dək davam edəcək. (azertag.az)