Məktəbəhazırlıq qruplarına qeydiyyat başladı
Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir. Qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir.
Bu barədə Yenicag.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.
Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.