“Müvafiq qaydalara əməl olunmasa və yoluxma sayı artarsa, bu halda məktəblərin yenidən bağlanması gözləniləndir”.
Bu sözləri mart ayından etibarən, məktəblərin yenidən bağlanacağı ilə bağlı yayılan məlumatları dəyərləndirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekpsertin sözlərinə görə, ali və orta təhsil müəssisələrinin bağlanması virusa yoluxma halları ilə bağlıdır. Müvafiq qaydalara əməl olunmasa və yoluxma sayı artarsa, bu halda məktəblərin yenidən bağlanması gözləniləndir:
“Məlumdur ki, əksər məktəblərdə tədris tam ənənəvi qaydada keçirilmir. Yəni bir çox məktəblərdə distant tədris hələ də davam etməkdədir. Həftənin bir neçə günü ənənəvi tədrisin keçirilməsinə baxmayaraq, gündəlik yoluxma sayının 400-500 nəfər civarında olması fonunda orta məktəblərin, eyni zamanda, ali təhsil müəssisələrinin tamamilə bağlanması real ola bilər.
İndiki şəraitdə gündəlik yoluxma sayının 200 nəfərdən az olduğu müşahidə edilir. Nəzərə almaq lazımdır ki, ölkəmizdə vaksinasiya prosesi başlayıb. Bu baxımdan, sosial həssaslıq qrupuna daxil olan hər bir müəllimin vaksin vurdurması labüddür.
Məktəb və ali təhsil müəssisələrinin bağlanmaması üçün izolyasiya qaydalarına əməl edilməsi, şagirdlərin tək-tək oturması, sosial məsafənin qorunması və nəticədə yoluxma sayının minimuma endirilməsinə şərait yaratmaq lazımdır. Ümumilikdə yaxın aylarda qapadılmanın baş verəcəyi real görünmür”.
Gülşən Şərif
www.yenicag.az