“Uşaq bağçasından başlayaraq, ibtidai siniflər və daha sonra yuxarı siniflərdə qadın müəllimlər çoxluq təşkil edir”.
Bu fikirləri orta məktəblərdə qadınlarla müqayisədə kişi müəllimlərın sayının kəskin azlığından yaranan problemlər haqda danışan təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərində görə, haqqında danışılan və birmənalı qarşılanmayan bu tendensiya cəmiyyətin düşüncəsindən formalaşır:
“Son on ildir ki, təhsil müəssisələrində kişi müəllimlərin sayının sürətlə azalması müşahidə edilir. Bunun ən başlıca səbəbi təhsil sektorunda əmək haqqının azlığı, eyni zamanda, yaşam şəraitinin ideal olmaması, yaşayış yeri ilə bağlı olan problemlərdir.
O baxımdan, kişilərin bu sektora maraq göstərməməsi məktəb müəllimlərinin təqribən 80 faizini qadınların təşkil etməsini şərtləndirib. Nəinki müəllimlər, hətta məktəb direktorlarının da əksəriyyəti qadınlardan ibarətdir.
Ali təhsil müəssisələrinin pedoqoji yönümlü ixtisasları üzrə təhsil alanların çoxu da elə xanımlardır. Belə tendesiya əsasən, cəmiyyətin düşüncəsindən formalaşır ki, çoxları buna “qızdırsa, mütləq müəllimə olmalıdır” prinsipi ilə yanaşır. Biz hazırda biz məktəblərdə kişi müəllimlərin azlığının yaratdığı fəsadları yaşayırıq. Əvvəlki dövrlərdə ibtidai təhsil pilləsində belə kişi müəllimlərin sayı yetərincə çox olsa da, indi bu statistika az qala, barmaqla sayılacaq qədərdir. Artıq gender bərabərliyini pozaraq, müəyyən ixtisasları belə konkret xanımlar və kişilər arasında bölüblər. Bu da özlüyündə cəmiyyətin yanaşmasının nəticəsidir”.
Ekspert onu da əlavə edib ki, qadın müəllimələrin çoxluğu oğlan şagirdlərin spesifik qaydada formalaşmalarına neqativ təsir göstərir:
“Birbaşa olmasa da, məktəblərdə qadın müəllimlərin şagirdlərə təsiri kişi müəllimlərin təsirindən daha çoxdur. Bu vəziyyət artıq cəmiyyətdə öz fəsadlarını göstərməyə başlayıb. Yəni uşaq bağçasından başlayaraq, ibtidai siniflər və daha sonra yuxarı siniflərdə qadın müəllimlər çoxluq təşkil edir. Bu faktor tək oğalnalrın deyil, qızların da formalaşmasında çox mənfi izlər buraxır.
Ona görə də, məktəblərdə kişi zəhmini hiss etdirəcək müəllimlərə ehtiyac var. Bu balansa ciddi şəkildə pozulduğu üçün biz şagirdlər arasında bıçaqlaşma, yaxud da onların bir-birinə qarşı kommunukasiyanın pozulması hallarının tez-tez şahidi oluruq”.
İsmayıl Bakuvi
www.yenicag.az