“Mənim yolumu kimsə kəsə bilməz…”
Anar Axundzadə: “Çünki getdiyim yol Heydər Əliyev yoludur”
Anar Axundzadə. Bir zamanların ən gənc deputatı. Eyni zamanda Heydər Əliyev və Vasif Talıbovla bərabər çalışmış gənc Əliyevçi. Bu günlərdə də sabiq millət vəkilini çox aktiv görürük. Bir sıra sabiq mandat sahibləri var ki, mandat getdikdən sonra “yoxa çıxır”, bəzi mandat sahibləri də var ki, mandatı alan kimi işini bitmiş hesab edib, gözdən itir. Anar Axundzadəni bunlardan fərqləndirən cəhət mandatı olsa da, olmasa da çalışqanlığıdır. O, daim hərəkətdədir. Səsi bir gün Sankt Peterburqdan, bir gün İstanbuldan gəlir. Beləliklə, müsahibimiz Anar Axundzadə ilə 10 may ərəfəsində Heydər Əliyevlə bağlı xatirələrini YENİCAG.AZ ilə bölüşür.
– Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı gedən proseslərdə yaxından iştirak etmiş şəxslərdən biri də siz olmusunuz. O, vaxtları necə xatırlayırsız?
– Mən gənc yaşlarımdan ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini yaxından izləmişəm. Eyni zamanda Yeni Azərbaycan Partiyası (YAP) yeni yarananzamanda orada təmsil olunmuşam. YAP-nin təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirilib və ulu öndər Heydər Əliyev YAP-ın sədri seçilib. Mən şərəf duyuram ki, o konfransın iştirakçılarından biri mən oldum. Gənc tələbəykən belə bir mühüm tarixi hadisədə iştirakım mənim avtobioqrafiyam üçün çox önəmlidir. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550-dən artıq nümayəndə iştirak edib. İndiisə partiyanın sıralarında 600 mindən çox üzvün birləşməsi məhz Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir.
İndiki Azərbaycan iqtidarının fəaliyyəti ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışı ilə başlayıb. Azərbaycanda 1992-1993-cü illərdə mövcud olan vəziyyət xalqın yaxşı yadındadır. Bu, bizim yaxın keçmişimizdir. İndiki gənclərimiz belə həmin dövrləri görüb xatırlaya bilirlər. Mən də o dövrləri yaşamış insanlardan biriyəm. Həmin dövr çox mürəkkəb idi. Milli lider Heydər Əliyevin ikinci dəfə qayıdışı xalqımıza müstəqil Azərbaycan dövlətini qazandırdı. Əgər o zaman Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indiki müstəqil Azərbaycan dövləti olmazdı. Tarixdə Heydər Əliyev kimi dahi şəxsiyyətin mövcud olması hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Azərbaycan dövlətinin tarixində ümummilli lider kimi bütün xalq tərəfindən qəbul edilən ölkə rəhbərinə rast gəlmək nadir hadisədir. Bəlkə bu səbəbdən də Azərbaycan dövlətinin taleyi dəfələrlə təhlükə qarşısında qalıb və tarixin müxtəlif mərhələlərində torpağımızda qardaş qırğınları baş verib. Azərbaycan xalqının bütün ictimai-siyasi, sosial-iqtisadi, maddi-mənəvi həyatı Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzindəAzərbaycan böyük inkişaf yolu keçib, bir çox uğurlar əldə edib, müstəqil dövlət kimi bərqərar olub. Milli mənafeyi xalq mənafeyinə, xalq mənafeyini isə dövlət mənafeyinəçevirə bilən siyasi liderlər öz ölkələrinin tərəqqisini təmin etməklə bərabər, həm də beynəlxalq nüfuz və etibar qazanırlar.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. İndiki müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan onun şah əsəridir.
İndi Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Azərbaycanın dinamik vəsabit inkişafı üçün müstəsna əhəmiyyəti olan neft strategiyasının incəliklərinə dərindən bələd olan Prezident İlham Əliyevin əsası ulu öndər tərəfindən qoyulan yeni neft strategiyasını uğurla davam etdirməsi ilə Azərbaycan mühüm uğurlara imza atır. Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün həm də qaz ixracatçısıdır. Dünyanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin artan rolu ən yüksək səviyyələrdə qeyd edilir.
Prezident İlham Əliyev dəfələrlə bildirir ki, hər birimizin gələcək fəaliyyəti bütün sahələriəhatə edən uğurlu nəticələrdən asılıdır. Bu məqsədlə xüsusi proqramların hazırlanması dövlət siyasətinin başlıca vəzifəsi kimi qarşıya qoyulur.
Atdığı addımlarda Heydər Əliyev siyasi kursunun, ulu öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar kəndləri də daxil olmaqla böyük quruculuq meydanını xatırladır. Prezident İlham Əliyev Azərbaycanda artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edir. Dövlətimizin başçısı başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi vədünya siyasətinə uyğunlaşdırılması istiqamətində inamlı addımlar atır.
İndiki gündə də ulu öndər Heydər Əliyevin siyasətini təcrübəli dövlət başçımız olan prezident İlham Əliyev uğurla davam etdirir. Mən qəti olaraq prezident İlham Əliyevin həyata keçirdiyi uğulu siyasəti dəstəkləyirəm.
– Ancaq sanki Anar Axundzadə son illərdə unudulub?
– Bilirsiniz ki, mən 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşam. Hesab edirəm ki, bu müddət ərzində istər qanunların qəbul edilməsində, istərsə də beynəlxalq təşkilatlarda qənaətbəxş fəaliyyət göstərmişəm. Mən Yeni Azərbaycan Partiyası yaranan gündən onun üzvüyəm. Hətta o yaranarkən onun təşəbbüs qrupunun üzvü olmuşam. Milli Məclisə deputat seçilənə qədər Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikasında Gənclər Təşkilatının 5 il sədri olmuşam. Yeni Azərbaycan Partiyasında fəal iştirak etmişəm. 1999-cu ildə birinci qurultayda Siyasi Şurasının üzvi seçilmişəm. Mənim yolum Heydər Əliyev yoludur və fəxr edirəm ki, bu yolla gedirəm. Biz bu baxımdan özümüzü möhtərəm Prezidentimiz İlham Əliyevin əsgəri hesab edirik. Bu gün də Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi fəaliyyətimi davam etdirirəm. Lazım olan ictimai-siyasi tədbirlərdə, dəvət olunduğum yerlərdə iştirak edirəm. Təəsüf ki, bir çox partiyadaşlarımız qısa bir müddətin boşluğunda yollarını dəyişdilər. Mən bunu qəbul etmirəm. Fikir ayrılığı olmalıdır, fikir inkişaf etməlidir. O insana qarşı çıxaram ki, o, Heydər Əliyev yolundan sapıb. Yəni, mənim üçün əsas strateji nöqtə Heydər Əliyev yoluna sədaqət meyarıdır, İlham Əliyevin apardığı siyasətdir. Bu gün Azərbaycan inkişaf etdiyi kimi YAP-da inkişaf etməlidir. Bu gün Mehriban Əliyevanın YAP-da yüksək vəzifəyə gətirilməsi olduqca müsbət haldır. Köhnə beyin təcrübəli olsa da, inkişaf üçün mütləq yeni beyinlər vacibdir. Partiya antik əşya deyil ki, heç nəyi dəyişməsin.
– Sanki yolunuzu kəsirlər…
– Mənim yolum Heydər Əliyev yoludur. Mən cənab Prezidentimiz İlham Əliyevin addımladığı yoldayam. Mən siyasətə Naxçıvandan gəlmişəm və uzun illər Heydər Əliyev məktəbini qızıl medalla bitirən hörmətli Vasif Talıbovla birlikdə çalışmışam və yol gəlmişik və mən bu gün də o yolla gəlirəm. O yoldan da sapmaq niyyətim olmadığı kimi bu yolu kimsə kəsə bilməz. Yəni, bu yolu kəsməyə kimsənin gücü çatmaz. Yəqin ki, iş çoxdu deyə, mən yaddan çıxmışam(gülür). Yəqin ki, məsləhət olarsa, yenidən çağrılaram. Mənə sual vermişdilər ki, bəziləri 20 ildir vəzifədədir. Cavabım belə oldu ki, kimin neçə il deyil, necə işləməsi əsas meyar götürülməlidir. Cənab Prezident işləyənə şərait yaradıb, işləməyənləri dəyişir. Ona görə də, vəzifəsini itirənlər Prezidentdən deyil, özlərindən inciməlidirlər ki, niyə işləyə bilmədik.
– Sizin fikrinizcə, Heydər Əliyev növbəti dəfə hakimiyyətə gəlməsəydi, nə baş verərdi?
– Heydər Əliyev Azərbaycanı özünün şah əsəri kimi yaratdı. Sonra isə O, qurub yaratdığı Azərbaycandan bir müddət uzaq düşdü, Moskvada ittifaq rəhbərliyində bir müddət çalışsa da, sonra vəzifədən uzaqlaşdırıldı. Onunla respublikamız sovet dövründə də inkişafın və azərbaycançılığın parlaq nümunəsi olub. İnsanlar fəlakətlərə, məhrumyyətlərə Heydər Əliyevsiz dövrdə üzləşib. Ulu öndər 1970-ci illərdən sovetlər hakimiyyəti zamanı respublikamızın böyük inkişafına nail olmuşdusa, Azərbaycan insanının nüfuzunu qaldıra bildirmişdisə, təəssüflər olsun ki, Ümummilli lider Heydər Əliyev siyasi arenada olmadığı dövrdə Azərbaycan özünün faciəli həyatını, mərhumiyyətlər dövrünü yaşamışdı. O zamanlar Azərbaycan torpaqlarının beşdə birini itirdi, müharibədə 20 min nəfərdən çox şəhid verdik, Dağlıq Qarabağ problemi Ulu öndər Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə yarandı. 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın başına gələ biləcək yeni fəlakətlərdən, parçalanmaqdan, yeni işğallardan qorudu. Biz bugünkü Azərbaycanımızla fəxr edirik ki, onun da qurucusu Ümummilli lider Heydər Əliyevdir. O şah əsərini ilahi vergi ilə elə yaradıb ki, Azərbaycan hər bir sahədə sürətlə inkişaf edir və bu inkişaf prosesində Heydər Əliyevin nurlu siması, parlaq şəxsiyyəti, dərin zəkası görünür. Ulu öndər Heydər Əliyev ömrünün son 10 ilini müstəqil dövlətimizin yaranmasına, qorunmasına və inkişafına həsr etdi. Bu dövlət hələ Onun həyatda olduğu vaxtda müstəqilliyinin əbədiliyini, dönməzliyini təsdiq etdi. Biz bütün bunları Ulu öndərin dilindən eşitdik. O, bütün dünyaya bəyan etmişdi: Azərbaycanın müstəqilliyi əbədidir, daimidir, dönməzdir.
– Ötən dövrdə illəri, ayları tam nəzərdən keçirsək, müstəqillik uğrunda Heydər Əliyevin mübarizəsinə dair xeyli sayda parlaq nümunələr, xatirələr söyləyə bilərik. Təbii ki, anadan olmasının 91-ci ildönümündə Ulu öndəri xatırlayarkən bütün bunlar gözümüzün önündən gəlib keçir. Hər dəfə Azərbaycanın uğurlarını görəndə, Heydər Əliyevin parlaq siması gözümüzün önündə canlanır. Bu gün Azərbaycanda hüquqi, demokratik dövlət qurulub. O cümlədən, demokratik cəmiyyət quruculuğu istiqamətində də böyük nailiyyətlər əldə edilib. O cümlədən, müstəqil Azərbaycanda uğurlu siyasi institutun yaradılması, böyük siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının təsis olunması da Ulu öndər Heydər Əliyevin böyük əməyinin, zəhmətinin, uzaqgörən siyasətinin nəticəsidir. Və mən fəxr edirəm ki, Heydər Əliyev məktəbinin məzunlarından biri kimi dövlətim və millətim qarşısında fəaliyyətimi davam etdirirəm. Bu yol şərəfli bir yoldur. Unutmayın ki, Heydər Əliyev yolu davam etdikcə Azərbaycan xoşbəxt olacaq, insanlar dinc həyat sürəcəklər. Keçmişdəki faciələrimizin təkrar olunmaması üçün gənclərimiz ayıq olmalıdır. Onlar bilməlidir ki, bizim uğur yolumuz Heydər Əliyev siyasətidir.
– Çıxışlarınızda Naxçıvan faktorunu nəzərə çarpacaq dərəcədə qabardırsınız…
– 1990 – 1993-cü illər ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran Heydər Əliyevlə xalq amilini fəal siyasi müstəviyə çəkdi: Məhz bu dövrdə – Azərbaycanın təkləndiyi bir vaxtda xalqımızın böyük oğlu Azərbaycan adlı parçalanmış, qan içində üzən, 20 Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan, erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq gətirdi. Lakin bu da taleyin işidir ki, Azərbaycanın Azərbaycana qayıdışı kimi məsul tarixi vəzifə, Xilaskarlıq missiyası Azərbaycanın paytaxtından yox, ucqar regionundan – Naxçıvandan başlandı. Totalitar rejimin və onun yerli əlaltılarının xəyanətkar hərəkətlərinə, Heydər Əliyevi Bakı aeroportunda qarşılamaq istəyənlərə hər cür mənəvi və fiziki təzyiq göstərməsinə baxmayaraq Heydər Əliyev 1990-cı il iyun ayının 20-də təyyarə ilə Bakıya, iki gün sonra isə Naxçıvana gəldi.Moskvadan Naxçıvana qayıdış o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, Vətənə qayıdış idi. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan «taleyin ümidinə buraxılmış tənha bir ada»nı (H.Əliyev) xatırladırdı. Tale Heydər Əliyevi bu regiona göndərməklə Naxçıvanı, onu gözləyən bəlalardan, işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi. Azərğaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda abidə ucaltdı. Heydər Əliyevin siyasi hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, Muxtar Respublikanın yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990 – 1993-cü illərdə xaos və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş müharibəsi həddinə gəlib çatan, parçalanaraq milli əyalətlər və quberniyalar halında fəaliyyət göstərməyə təhrik edilən Azərbaycan üçün ümid, nicat yeri idi. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real parçalanma, məhv olma təhlükəsi qarşısında qalmışdı. O günlərin dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün başqa bir alternativ qoymamışdı. Lakin əsl yolu Zaman özü seçdi. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını görkəmli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışında tapdı. Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskar missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət edirdi. Həmin missiya bu gün də böyük uzaqgörənliklə və müdrikliklə davam etdirilir. Bizim də borcumuz bu yola sədaqətlə xidmət etməkdir.
Söhbətləşdi: İslam ƏMİRLİ
yenicag.az