Muğam ilə “Səma” rəqsləri eyni qəbildən olan musiqi nümunələridir. Muğam insan ruhunu rahatlatdığı kimi “Səma” rəqsi tamaşaçının qəlbini dincəldir.
Bu fikirləri görkəmli xanəndə, Xalq artisti, “Qarabağ” muğam qrupunun rəhbəri Mənsum İbrahimov deyib. Xanəndə bildirib ki, Cəlaləddin Ruminin banisi olduğu Mövləvi təriqətinə görə, dövrə vuran səmazənlərin müqəddəs “Səma” rəqsi insanların Allaha qovuşması mənasını ifadə edir. Ankarada məşhur Konya səmazənlərinin ifası ilə Azərbaycan muğamının bir salonda səsləndirilməsi bir daha Azərbaycan və Türkiyənin mədəni zənginliyinin nümayişi oldu.
Qeyd edək ki, muğam ilə “Səma” rəqsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinin onuncu ildönümü münasibətilə dekabrın 4-də Ankarada təşkil olunan təntənəli mərasim çərçivəsində “Qarabağ” muğam qrupu ilə “Səma” rəqs qrupu eyni konsertdə çıxış ediblər.
www.yenicag.az