“Merilinlə evlilik məni məhv edirdi” – Artur Millerin şok səsyazıları üzə çıxdı
Dünya ədəbiyyatının nəhəngi, Nobel mükafatçısı Artur Millerin ölümündən 21 il sonra üzə çıxan gizli səs yazıları Merilin Monro ilə olan fırtınalı izdivacın qaranlıq pərdəsini aralayıb. Yazıçı 30 il ərzində qeydə alınan və bu günlərdə işıq üzü görən etiraflarında Hollivudun seks-simvolu ilə keçən günlərini “ölümlə rəqs” adlandırıb.
Yenicag.az xəbər verir ki, dramaturqun bioqrafı Kristofer Biqsbinin arxivindən tapılan lent yazıları Cambridge University Press tərəfindən “Artur Miller: Öz sözləri ilə həyatı” adlı kitabda çap olunub.

Miller səs yazılarında etiraf edir ki, hələ evliliklərinin ilk aylarından Monronun psixoloji durumu onu dəhşətə gətirib:
“Hiss edirdim ki, ölüm həmişə onun çiyinindədir hər an, hər saniyə. Onu qorumağı öz öhdəmə götürmüşdüm, çünki nəzarətsiz qalsa, sonunun fəlakət olacağını bilirdim. Bir dəfə onu həddindən artıq dozada dərman qəbul etmiş vəziyyətdə tapdım, həkimlər mədəsini güclə təmizləyə bildilər. Lakin onu bu uçurumdan xilas etmək nə mənim, nə də bir başqasının gücündə deyildi”.
Dramaturq 1956-cı ildə başlayan bu evliliyin cəmi bir neçə ay ərzində onun üçün yükə çevrildiyini qeyd edib:

“Mən hazırlıqlı deyildim. Merilinin daxili dayaqları yox idi. O, qarşısında elə bir adam görmək istəyirdi ki, eyni zamanda həm atası, həm sevgilisi, həm dostu, həm də agenti olsun. Ən pisi isə o idi ki, heç vaxt, heç bir məsələdə tənqid olunmağa dözmürdü. Belə bir insan isə real həyatda yoxdur”.
Monronun hamiləlik uğursuzluqları və övlad həsrəti barədə danışan Miller, bu mövzuda gözlənilməz fikir səsləndirib:

“O, ana olmağı idealize edirdi. Lakin Hollivudun qanlı təzyiqi altında onun uşaq sahibi olması yeni və daha böyük bir problemə çevriləcəkdi. Praktikada bu uşağın necə böyüyəcəyini təsəvvür edə bilmirəm”.
Miller etiraf edib ki, Monro ilə evli olduğu 4 il ərzində bir dramaturq kimi iflic olub:
“Həmin dörd ildə, demək olar ki, heç nə yarada bilmədim. Əgər o münasibəti bitirməsəydim, bu məni tamamilə məhv edəcəkdi. Artıq işləyə bilmirdim, yaradıcılığım ölmüşdü”.
Səs yazılarında yazıçı təkcə sevgidən deyil, həm də Amerikanın qaranlıq “Makkartizm” dövründən bəhs edib. O, kommunist dostlarının adını satmaqdan imtina etdiyi üçün yaşadığı qorxu və təzyiqləri anladıb. Məşhur “Sınaq” (The Crucible) pyesini məhz həmin dövrdəki “cadugər ovu”na qarşı sığınacaq kimi yazdığını vurğulayıb.
Qeyd edək ki, Merilin Monro 1962-ci ildə, boşanmalarından qısa müddət sonra, 36 yaşında yüksək dozada narkotik maddə qəbulu nəticəsində vəfat edib.
Məsimə Məmmədova













