Məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərib, cərimələndi – Foto
Bakıda fəaliyyət göstərən “Dr.Elnara” MMC-nin rəhbəri Elnarə Rzayeva kosmetoloji tibb fəaliyyət üçün lisenziya almadan qanunsuz fəaliyyət göstərib.
Yenicag.az Teleqraf-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin qərarı ilə məşhur kosmetoloq qanunsuz fəaliyyət göstərdiyi üçün 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə təqsirli bilinib və 5000 manat məbləğində cərimə edilib.
Bu qərardan Elnarə Rzayevanın vəkili Yasamal Rayon Məhkəməsinə şikayət edib. Vəkil Elnarə Rzayevanın 5 min manat miqdarında cərimə olunması barədə qərarın ləğv edilməsini istəyib.
Yasamal Rayon Məhkəməsinin 6 dekabr 2024-cü il tarixli qərarı ilə şikayət təmin olunmayıb.
Bundan sonra vəkil eyni tələblə Bakı Apellyasiya Məhkəməsinə müraciət etsə də, bu şikayət də təmin edilməyib.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 2021-ci ildə “Dr.Elnara” MMC-yə məxsus kosmetoloji mərkəzdə yoxlama aparılıb və bu zaman müəssisənin lisenziyasız tibbi fəaliyyət (kosmetoloji) göstərdiyi aşkarlanıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci (lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma) maddəsi ilə protokol tərtib edilib. MMC barəsində 20.000 manat məbləğində inzibati qaydada cərimə qərarı çıxarılıb.
Lakin bu cərimə cəzası ilə bağlı qərar Nizami Rayon İcra Şöbəsi tərəfindən icra olunmayıb.
Səhiyyə Nazirliyi qərarın icra olunmamasından 2024-cü ilin sonlarında məhkəməyə müraciət edib və MMC-nin barəsində təyin olunmuş cərimənin icrası üçün Nizami Rayon İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbulu xahiş edilib.
Nizami Rayon Məhkəməsinin qərarı ilə Səhiyyə Nazirliyinin şikayəti təmin edilib və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi üçün qərar qəbul edilib.
Qeyd edək ki, Elnarə Rzayevanın barəsində Yasamal Rayon Prokurorluğunda da araşdırma aparılıb.
Müəyyən edilib ki, Elnarə Rzayevanın əməlində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olması üzə çıxıb. Onun barəsində 210.1-ci maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün qərar Səhiyyə Nazirliyinə göndərilib.