MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verən şəxsə hökm oxundu
Bir neçə vətəndaşa MİDA-nın evlərini ucuz qiymətə satacağı ilə bağlı yalan vəd verərək dələduzluqda təqsirləndirilən Zamin Abdullayevə hökm oxunub.
Yenicag.az-ın verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsindən 178.2.2-ci (dələduzluq-təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə tövsif edilib. Təqsirləndirilən şəxsə yekun olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Xatırladaq ki, dövlət ittihamçısı Orxan Mehdiyev məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qeyd edək, iş üzrə 3 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 68 min manatdır.













