Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin Xarici İşlər komissiyasının sədri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini Milli Məclisdə qəbul edib.
Yenicag.az xəbə verir ki, görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhəməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirov və digər komitə üzvləri iştirak etdilər.
Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlayan S.Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Volkan Bozkıra təbriklərini çatdırıb və bildirib ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.
Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan S.Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açıb.
Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən S.Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib.
S.Seyidov bildirib ki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər. Bunun bariz nümunəsi 15 sentyabr keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır.
Xoş sözlərə və təbriklərə görə minnətdarlığını bildirən V.Bozkır Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
V.Bozkır ilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirdi.
Görüşdə iştirak edən komitə üzvləri də Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərindən söz açdılar. Görüş xatirə şəkil çəkdirməklə başa çatdı.
Qeyd edək ki, səfər müddətində V.Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə həmçinin Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini Ziyafət Əsgərov və Azərbaycan-Türkiyə dostluq qrupunun sədri Əhliman Əmiraslanov da görüşlər keçiriblər. /Trend/
www.yenicag.az