Milli Məclisin qəbul etdiyi Yeni Qanun layihəsinə əsasən Azərbaycanda toy aparıcıları, çalğıçılar və digər sənət adamları minimum əmək haqqının 4 faizi qədər icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Tanınmış müğənnilər bununla bağlı fikirlərini Yenicag.az-la bölüşüblər.
Əməkdar artist, tannımış müğənni Firuzə İbadova yeni dəyişikliyi müsbət qarşıladığını bildirib:
“Mən uzun illər qayda-qanunla vergi ödəyicisi olmuşam. 68 yaşım var. İndi qanun nə tələb edirsə, onu da yerinə yetirməyə hazıram. Tibbi sığorta əslində bütün dünya ölkələrində var. Bizdə də yeni qəbul olundu, faydalanmağa dəyər”.
Əməkdar artist Rəhilə Bəndəliyeva son vaxtlar qazancının az olduğunu əsas gətirərək, ümumiyyətlə sosial ödənişlər etmədiyini bildirib. Tibbi sığortaya gəlincə, müğənninin cavabı belə olub:
“Mən gənc vaxtlarımda çox toylara getmişəm, amma son vaxtlar yalnız qohum toylarında oxuyuram. Yəni sözümün canı budur ki, o qədər qazancım yoxdur ki, vergi və digər ödənişlər edim. Qaldı ki, tibbi sığortaya, onsuz da sənət adamlarının səhhətində problemlər yarananda hökumətimiz sağ olsun kömək edir”.
Müğənni Nazim Pişyari xüsusən ağır əməliyyatlar zamanı tibbi sığortanın insanların dadına çatdığını bildirib və yeni qanun layihəsini dəstəkləyib:
“Müğənni, ya başqa sənət sahibi, ümumiyyətlə tibbi sığorta yaxşı bir şeydir. Bütün dünyada hər bir şəxsin sığortası var. Ən bahalı və ən çətin əməliyyatları belə o sığorta hesabına etdirir. Yoxsa ki, çətinlik qarşısında ora-bura qaçıb pul axtarmır. Bizdə də bu məsələ həllini tapsa, yaxşı olar. O qədər insanlar var ki, gözünə el arasında deyildiyi kimi mirvari suyu gəlib, amma onu əməliyyat etdirməyə maddi imkanı çatmır. Sığortası olsa, rahatlıqla səhhətindəki problemi aradan qaldıra bilər”.
Müğənni Eldəniz Məmmədov da icbari tibbi sığorta ödəyəcəyini deyib:
“Tibbi sığorta bizim xeyrimizədir. Dünyanın hər bir yerində tibbi sığorta deyə bir anlayış var. Nəyi pisdir ki? Əgər insanın səhhətində hər hansı bir problem varsa, tutalım bir əməliyyat keçirəcəksə, xəstəxanaya pul ödəmədən problemini həll edə bilər. Amma tibbi sığorta olmadan bunu reallaşdıra bilməz. Çünki bəzi adamlar var ki, sağlıq problemləri yaranan zaman külli miqdarda pula ehtiyacı olur, amma maddi imkanı olmadığından həkimə belə gedə bilmir”.
Cəvahir
www.yenicag.az