!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Milli mənlik şüurunun İNKİŞAFI: Gənclərlə bağlı siyasət necə həyata keçirilir? - TƏHLİL

!Reklam – Yazi

Elman Nəsirov: “Gənci əxlaqsız olan, əyyaşlıq edən, narkotikə qurşanan dövləti əsarətdə saxlamaq, özünə tabe etmək çox asandır. Əksi olan dövlətə isə batmaq, qarşısında dayanmaq olmaz. Məhz 44 günlük Vətən müharibəsində qalib gəlməyimizdə əsas amil gənclərimizin gücü, milli dəyərlərə sadiqliyi idi”;

Əhməd Qəşəmoğlu: “İlk əvvəl hər kəs öz vətənini sevməli, onun-bunun təsiri altına düşməməli, yalnız xalqı üçün çalışmalıdır. Bu sahədə Azərbaycan xalqının çox böyük üstünlüyü var. Çünki fəxr edə biləcəyimiz böyük keçmişə malik dövlətik. Tariximiz qədimlərə dayanır”.

Müasir Azərbaycan üçün gənclər siyasəti dövlətin siyasi kursunun əsas tərkib hissəsindən birinə çevrilib.

Gənclərə vətənpərvərlik ruhunun aşılanması, milli-mənlik şüurunun inkişafı və digər məsələlərdə mühüm nəticələr əldə etmək üçün dövlət proqramları hazırlanıb. Əlavə olaraq dövlətimiz tərəfindən beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Gənclərin sağlam ruhla, vətənpərvərlik hissi ilə böyüməsi dövlətin gənclər siyasətinin prioritet istiqamətidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında Milli Məclisin Deputatı Elman Nəsirov bildirib ki, gəncləri təhsilsiz olan millətin gələcəyi yoxdur:

“Millətin gələcəyinin gənclərlə bağlı olması şübhəsizdir. Millətin gəncləri nə qədər savadlı, bilikli, vətənpərvər, milli adət-ənənələri qoruyan xarakterə sahib olarsa, deməli, həmin millətin və dövlətin gələcəyi parlaqdır. Gəncləri təhsilsiz olan millətin isə gələcəyi yoxdur. Bu baxımdan, Azərbaycanın perspektivlərinə nikbin baxmağa dəyər.

Azərbaycanda kifayət qədər vətənpərvər, milli-mənəvi dəyərlərə sahib çıxan və hörmət edən gənclər var. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edən məhz həmin gənclər idilər. Onlar Ali Baş Komandanın rəhbərliyi altında, sözün həqiqi mənasında, şərəf tarixi yazaraq başımızı uca etdilər.

Vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik keyfiyyətini daim qoruyub saxlamalı, gələcək nəsillərə ötürməliyik. Çünki gənclərdə bu hisslərin öldürülməsi üçün dünyanın müxtəlif qüvvələri tərəfindən bir çox işlər görülür. KİV-lər, internet televiziyası, seriallar, filmlər və sair vasitələrlə bizim əsrlərlə formalaşan milli-mənəvi dəyərlərimizdə çat əmələ gətirməyə çalışırlar. Gənclərimizi həmin dəyərlərdən uzaqlaşdırmaq istəyirlər. Məqsəd isə kosmopolit gənc yetişdirməkdir.
Gənci əxlaqsız olan, əyyaşlıq edən, narkotikə qurşanan dövləti əsarətdə saxlamaq, özünə tabe etmək çox asandır. Əksi olan dövlətə isə batmaq, qarşısında dayanmaq olmaz. Məhz 44 günlük Vətən müharibəsində qalib gəlməyimizdə əsas amil gənclərimizin gücü, milli dəyərlərə sadiqliyi idi.

Bu sahədə mühüm addımlar atılmaqdadır. Bu siyasi kursun əsasını Ümumilli Lider, Ulu Öndər Heydər Əliyev qoyub. Məhz Heydər Əliyevin gənclərlə bağlı siyasəti bizim tarixi qələbəmizi şərtləndirən amillərdəndir. Prezident İlham Əliyev hazırda bu siyasi kursu uğurla davam etdirir.
Gənclərdə vətənpərvərlik hisslərinin artırılması üçün əlavə olaraq bir sıra mühüm addımlar atılmalıdır. Tarixi qələbə sevincini bizlərə yaşadan şəhidlər, qazilər, veteranlarla bağlı filmlər öz rejissorlarını, poemalar, romanlar öz müəllfilərini gözləyir. Bunun üçün çox istedadlı aktyorlarımız, ssenaristlərimiz var. Onların istedadından istifadə edilməlidir.

Prezident İlham Əliyev Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təklif etdiyi zaman gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında kino sənətinin əhəmiyyətli rola malik olduğundan da danışıb. Kino çox böyük gücə malikdir. Ulu Öndər Heydər Əliyev Nəsiminin çox böyük şair olduğunu, lakin onun dünya miqyasında tanınmasında “Nəsimi” filminin böyük rolu olduğunu vurğulayıb.

Bizim Mübariz İbrahimov kimi bir çox qəhrəmanlarımız var. Onlar haqqında məlumatlar oxusaq da, hələ də filmlərinə baxa bilməmişik. Məhz bu sahədə filmlər çəkilsə, gənclərimizdə vətənpərvərlik hissi daha da güclənmiş olar. Yetişən hər bir gənc Mübariz İbrahimova oxşamaq, onun kimi vətənini sevmək, qorumaq istəyər. “Vətənpərvərlik nədir?” sualına cavab tapa bilmək üçün məhz bu cür filmlərdən nəticə çıxarar”.

Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi mövzsunda Yenicag.az-a fikirlərini səsləndirən sosioloq Əhməd Qəşəmoğlu isə müstəqil dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən birinin ölkə əhalisi arasında sağlam vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi olduğunu bildirib:

“Bu çox mühüm məsələlərdən biridir. Dünyada qloballaşma getdikcə hər bir ölkədə ən böyük silah, ən böyük özünümüdafiə qabiliyyəti və tərəqqi üçün ən mühüm olan amil məhz vətənpərvərlik hissidir. Vətənpərvərlik olmayan ölkə nə özünü müdafiə edə, nə də inkişaf edə bilər. Bu səbəbdən müstəqil dövlətin qarşıya qoyduğu mühüm vəzifələrdən biri ölkə əhalisi arasında sağlam vətənpərvərlik hisslərini inkişaf etdirməkdir.

Sağlam vətənpərvərlik nədir? Bu elə bir hissdir ki, bu hisslə yetişən gənc həm öz ölkəsinə, həm də dünyaya töhfə verə bilir.

İlk əvvəl hər kəs öz vətinini sevməli, onun-bunun təsiri altına düşməməli, yalnız xalqı üçün çalışmalıdır. Bu sahədə Azərbaycan xalqının çox böyük üstünlüyü var. Çünki fəxr edə biləcəyimiz böyük keçmişə malik dövlətik. Tariximiz qədimlərə dayanır. Əlavə olaraq dünya ədəbiyyatına, elminə, texnologiyanın inkişafına mühüm töhfələr verən alimlərimiz var. Vətənpərvər olmaq üçün hər bir gənc öz dövlətinin tarixi nailiyyətlərini dərindən öyrənməlidir. Çox təəssüf ki, bu sahədə bəzi çatışmazlıqlarımız var.

Türkiyəyə səyahətim zamanı həmsöhbət olduğum 10 yaşlı məktəb əlaçısı bir uşağın öz tarixindən fəxrlə danışdığının şahidi oldum. Lakin bizdə bu sahədə müəyyən qədər də olsa, boşluqlar var. Prezident İlham Əliyev bu boşluqların aradan qaldırılması üçün çağırışlar etsə də, nazirliklər səviyyəsində işlər lazımi səviyyədə aparılmır. Məsələn, məktəb uşaqları böyük şəxslərlə görüşlərdən məhrum olunub. Sovet vaxtı məktəblərdə hər zaman şagirdlərlə görüşmək üçün ölkənin məşhur aktyorları, rəssamları, yazıçıları ilə görüşlər keçirilirdi. İndi Gənclər və İdman Nazirliyinə bu kimi təkliflər verdikdə Elm və Təhsil Nazirliyinin icazə vermədiyini söyləyirlər. Gənclərə vətənpərvərlik hissinin aşılanması üçün Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyi birgə iş aparmalıdır.
Yaponiyanın İkinci Dünya Müharibəsindən sonra nə vəziyyətə düşdüyü hər kəsə məlumdur. Lakin çıxış yolunu gənclərin savadlaşdırılmasında gördülər və bunun nəticəsi idi ki, müharibədən 20 il sonra Yaponiya dünyanın aparıcı ölkələrindən birinə çevrildi. Bir sözlə vətənpərvərlik hisslərinin gənclərə aşılanması ölkə üçün mühüm sayıla biləcək strateji məsələdir”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

971
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv