Mingəçevir gəncləri daha da maariflənir
Mingəçevir Turizm Kollecinin Heydər Əliyev İdeoloji Mərkəzində gənclər üçün maarifləndirici tədbir keçirilib.
Tələbə və gənc müəllimlərin iştirak etdikləri tədbirdə kollecin direktoru, professor Əyyub Əyyubov, Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlov, Milli Təhlükəsizlik Nazirliyi şəhər şöbəsinin rəisi Abdulla Məmmədov çıxış edərək mövzunun aktuallığını diqqətə çatdırıblar.
Tədbirdə milli mənəvi, əxlaqi dəyərlərdən, sosial şəbəkələrin əxlaqi dəyərlərə təsirindən, bəzi radikal dini təriqətlər və onların din adı altında gəncləri səhv yola yönəltməsinin acı nəticələrindən, müxtəlif insanların təsiri altına düşən gənclərin ailələrindən uzaqlaşdırılmasından, gənclərin asudə vaxtının düzgün və səmərəli təşkilindən söhbət açılıb.
“Bakı-2015” Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışları zamanı şəhər gənclərinin qarşısında duran vəzifələr də müzakirə olunub.
Bildirilib ki, əxlaqi dəyərlər müasir dövrdə tələbələrin bir şəxsiyyət kimi hazırlanmasına, şəxsi keyfiyyətlərinin formalaşmasına kömək edir. Kollecdə tələbələrin təlim-tərbiyəsində əxlaqi dəyərlər təhsildə əsas amil kimi nəzərə alınır. Tələbələr tədrisdə seçilməklə yanaşı, şəhərin ictimai həyatında, idman yarışlarında, müxtəlif intellektual yarışlarda fəal iştirak edərək uğurlu nəticələr qazanırlar.
Maarifləndirici tədbirdə sosial şəbəkələrin gənclərə mənfi təsiri, onların internetdən səmərəli istifadəsi və bu sahədə ictimaiyyətin rolunun artırılması məsələləri müzakirə olunub. Çıxış edənlər sosial şəbəkələrin müsbət və mənfi cəhətlərindən danışaraq bildiriblər ki, bəzən sosial şəbəkələrdən düzgün istifadə edilmədikdə bir çox xoşagəlməz hallar baş verir. Bu sahədə maarifləndirmə işlərinin az aparıldığı vurğulanıb. O da bildirilib ki, bu məsələlərdə ictimai nəzarət gücləndirilməlidir.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
(azertag.com)