Misirdə iki qədim məzar açıldı
Misirdə cümə axşamı günü Lüksorun qərb sahilində Yeni Krallıq dövrünə aid gündəlik həyat mənzərələri ilə dəfn rituallarını əks etdirən bərpa olunmuş iki qədim məzarı nümayiş etdirilib.
Yenicag.az xəbər verir ki, Misir Turizm və Qədim Abidələr Nazirliyinin məlumatına görə, bu məzarlar Yeni Krallığın ilk sülaləsi olan 18-ci sülalə dövründə yaşamış Rabuya və onun oğlu Samuta məxsusdur.
Məzarlarda kənd təsərrüfatı, məhsul yığımı, sənətkarlıq, çörək bişirilməsi, dulusçuluq və şərab istehsalı kimi fəaliyyətləri əks etdirən təsvirlər mövcuddur.
Nil çayının Lüksordakı qərb sahili fironların və Yeni Krallığın zadəganlarının qayalara oyulmuş məzarlarda dəfn edildiyi Krallar Vadisinə ev sahibliyi edir.
Orada dəfn olunan bir çox Yeni Krallıq fironları arasında xalq arasında Kral Tut kimi tanınan Tutanhamon da var idi. Onun eramızdan əvvəl 14-cü əsrə aid məzarı və içindəki bütün əşyalar 1922-ci ildə aşkar edilmişdi.













