“Gündəlik istifadəçilərə əsas tövsiyəm odur ki, cihazlarının təhlükəsizlik tədbirlərinə riayət etsinlər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Livanda baş verən peycer partlayışları və istifadəçilərin diqqət etməsi lazım olan məqamlar barədə danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasov deyib.
Onun sözlərinə görə, Livanda baş verən peycer partlayışları texnoloji sabotaj hədəfli bir kiberhücum kimi qiymətləndirilə bilər.
“Cihazların eyni vaxtda partladılması, çox güman ki, xarici müdaxilə ilə əlaqəlidir. Bu, peycerlərin zəif şifrələməsi yaxud da idarəetmə sistemlərindəki boşluqlardan istifadə olunaraq həyata keçirilib. Bu cür hücumlar adətən iki əsas yolla-cihazların istehsal və ya çatdırılma mərhələsində zərərli proqram və ya partlayıcı maddələrin yerləşdirilməsi və ya cihazların şəbəkə vasitəsilə uzaqdan idarə olunması və sinxron şəkildə partladılması ilə mümkündür. Hər iki halda da, yüksək səviyyəli texniki bilik və koordinasiya tələb edir”, – deyə o bildirib.
E.Abbasov qeyd edib ki, bu hadisə rabitə cihazları, xüsusən də qapalı sistemlərdə işləyən texnologiyaların hər zaman yüksək səviyyədə qorunmalı olduğunu göstərir:
“Təhlükəsizlik tədbirləri yetərli səviyyədə olmazsa, belə hücumlar daha geniş miqyasda həyata keçirilə, ciddi nəticələrə səbəb ola bilər. Xüsusilə, dövlət qurumları və təşkilatlar, bu cür cihazların şifrələmə səviyyəsini və təhlükəsizlik protokollarını gücləndirməlidir ki, bu cür kütləvi hücumların qarşısı alına bilsin. Gündəlik istifadəçilərə əsas tövsiyəm odur ki, cihazlarının təhlükəsizlik tədbirlərinə riayət etsinlər. Proqramları etibarlı mənbələrdən yükləmək, şübhəli linklərə klikləməmək və cihazın təhlükəsizlik yeniləmələrini zamanında etmək lazımdır. Bu tədbirlər, cihazların kiberhücumlara qarşı daha dayanıqlı olmasını təmin edəcək. Mobil qurğuların batareyası olduğu üçün onlarda zəiflik və boşluq tapılarsa, orada daha öncəki təcrübələrə əsaslanıb demək olar ki, əgər cihazın batareya dəyərlərini əlavə güc ötürərək yəni arxada bir çox şeyi işlədərək həddən artıq qızıb partlamasını təmin etmək olar, lakin “İphone”, Samsung” kimi beynəlxalq məhsullar buna icazə verməzlər və bu boşluq onlarda yoxdur. Bu texnoloji olaraq mümkündürmü? Bəli mümkündür. Lakin bunu etməzlər”.
İsmayıl Bakuvi
www.yenicag.az