“Monako” baş məşqçisinə görə hər oyunda cərimələnir
Fransanın “Monako” klubu baş məşqçisi Sebastyan Pokonyoliyə görə hər oyunda cərimələnir.
Yenicag.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, buna səbəb 38 yaşlı mütəxəssisin Peşəkar Futbol Təlimçisi diplomu və ya ona bərabər sənədə malik olmamasıdır.
Mövsüm ərzində 17 oyuna çıxan çalışdırıcı indiyədək ümumilikdə 425 min avro məbləğində cərimələnib. Klub çıxış yolu olaraq bir matçda Pokonyolinin köməkçisi Damien Perrinellenin adını baş məşqçi kimi protokola daxil etsə də, onun da diplom təhsili davam etdiyi üçün yenə cərimə tətbiq olunub.
Nəticədə “Monako” son görüşlərdə protokolda baş məşqçi bölməsini boş saxlayır. Belçikalı mütəxəssis mövsümü tamamlayacağı halda klubun ödəyəcəyi ümumi cərimə məbləği 750 min avroya çatacaq.
Qeyd edək ki, “Monako” Liqa 1-də 21 oyundan sonra 28 xalla 10-cu pillədə qərarlaşıb./Unikal












