“Bütün bunlar Rusiya hərbçilərinin qanunsuz davranışlarından yaranan faktik insidentdir”.
Bu fikirləri 44 günlük Vətən müharibəsindən sonra Qarabağda yaradılmış Birgə Monitorinq Qrupunda təmsil olunan türkiyəli hərbçilərin azərbaycanlı ictimai fəalların aksiya keçirdikləri Şuşa-Laçın yolundakı əraziyə gəlmələrinin vacibliyinə toxunan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib:
Onun sözlərinə görə, rusiyalı sülhməramlıların aksiya iştirakçılarına və onların irəli sürdükləri tələblərə laqeyd münasibəti fonunda belə bir addımın atılmasına ehtiyac var:
“Artıq iki gündür ki, hər birimizin diqqəti ictimai fəalların və jurnalistlərin ermənilərin ekoloji cinayətlərinə etiraz məqsədilə Şuşa-Laçın yolunda təşkil etdikləri aksiyaya yönəlib.
Hiddət doğuran məqam bundan ibarətdir ki, Qarabağda yerləşdirilmiş Rusiya hərbçiləri aksiya iştirakçılarına qarşı kobud davranır, onların komandanı isə əraziyə gəlməkdən, bu barədə nəsə fikir bildirməkdən yayınır.
Yayılan kadrlardan da gördük ki, rusiyalı əsgərlər bəzi hallarda hətta jurnalistlərimizə qarşı kobudluq etməkdən, avtomaşınlara ziyan vurmaqdan da çəkinmirlər. Bütün bunlar Rusiya hərbçilərinin qanunsuz davranışlarından yaranan faktik insidentdir.
Ona görə də hesab edirəm ki, Qarabağda yaradılmış Birgə Monitorinq Qrupunda təmsil olunan türkiyəli hərbçilərin aksiya keçirilən əraziyə gəlmələri və orada baş verənləri yerində müşahidə etmələri zəruridir.
Monitorinq Qrupunun əsasnaməsinin buna imkan verib-vermədiyini deyə bilmərəm. Amma ərazidə davamlı aksiya keçirilirsə və rusiyalı əsgərlər iştirakçılara qarşı kobud davranaraq gərginlik yaradırlarsa, o halda türkiyəli hərbçilərin əraziyə gəlmələrində, müşahidə aparmalarında problem olmadığını düşünürəm”.
A.Zeynalov
www.yenicag.az